Accessibility links

Anar Məmmədlinin işində zərərçəkənlər təqsirləndirilənləri müdafiə edib [Video]


Anar Məmmədli
Anar Məmmədli

Məhkəmə prosesi mayın 5-də davam edəcək

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlının və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin (KBƏİB) rəhbəri Elnur Məmmədovun işi üzrə məhkəmə baxışı başlayıb.

Onlar hamısı Cinayət Məcəlləsinin 5 maddəsi üzrə, - vergi ödənişindən yayınmaqda, qanunsuz sahibkarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadə, böyük ölçüdə əmlak mənimsəməkdə və vəzifə saxtakarlığında ittiham olunurlar.

Cinayət işi 2013-cü il oktyabrın sonlarında açılıb. Məmmədli dekabrın 17-də həbsə alınıb, digər iki şəxsdən isə ölkəni tərk etməmək haqqında iltizam alınıb.

Prosesdə əvvəlcə prokuror Anar Tanrıverdiyev ittiham aktını oxuyub və sonra istintaq tərəfindən zərərçəkmiş kimi tanınmış şəxslərin ifadələri dinlənilib.

Lakin onlar hamısı özlərini zərərçəkmiş hesab etmədiklərini və təqsirləndirilən şəxslərə qarşı iddialarının olmadığını bəyan ediblər.

Bu zaman dörd nəfər bildirib ki, SMDT layihələri sayəsində qazanc əldə ediblər. Şahidlər istintaqın layihə rəhbərinin onlara sənədlərdə göstərildiyindən az pul ödədiyi haqqında versiyasını təkzib ediblər.

Şahidlər həmçinin bildiriblər ki, istintaq tərəfindən şahid kimi dindiriliblər, lakin iradələrinə zidd olaraq zərərçəkmiş kimi qəbul ediliblər.

Sabirabad rayonundan Sahib Rüstəmli bildirib ki, 2010-cu ildən etibarən seçkilərdə SMDT layihələrinin əlaqələndiricisi olub. O, monitorinqin təşkili, müşahidəçilərin təlimi, sorğuların keçirilməsi ilə məşğul olub. Ona nəqliyyat xərcləri, mobil telefondan və internetdən istifadə xərcləri ödənilirdi.

O, hər zaman əvvəlcədən vəd olunan məbləği alıb, heç bir iddiası yoxdur.

Göyçay rayonundan fəal Elşən Süleymanov və Bakıdan Nahid İsmayılov da buna bənzər ifadələr veriblər.

İstintaq tərəfindən zərərçəkmiş kimi qəbul edilən Turan agentliyinin fotomüxbiri Etmiad Budaqov da istintaqın iddialarını təkzib edərək, təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası olmadığını bildirib.

Jurnalist qeyd edib ki, zərərçəkmiş kimi qəbul edildikdə şok olub, belə ki, indiyədək hüquq-mühafizə orqanları çoxsaylı şikayətlərinə və müraciətlərinə baxmayaraq, onun hüquqlarının pozulması üzrə heç bir faktı qəbul etməyiblər.

Məhkəmə ictimaiyyətin böyük diqqətinə səbəb olub və iclas zamanı zal həddindən artıq dolub.

İclasda həmçinin ABŞ, Almaniya, Böyük Britaniya, Norveç səfirliklərinin və Aİ-nin nümayəndələri iştirak ediblər.

Növbəti iclas mayın 5-nə təyin edilib.
SMDT rəhbəri Anar Məmmədlinin məhkəməsi başlayır
please wait

No media source currently available

0:00 0:03:19 0:00
XS
SM
MD
LG