Accessibility links

Elmar Hüseynovun qətlinin 8 ili: Söz azadlığının yanar məşəli (Video & Fotoqalereya)


Elmar Hüseynovun qətlinin 8 ili: Söz azadlığının yanar məşəli
please wait

No media source currently available

0:00 0:05:21 0:00

Elmar Hüseynovun qətlinin 8 ili: Söz azadlığının yanar məşəli

Söz azadlığı müdafiəçiləri jurnalistin qətlində hakimiyyəti günahlandırıb

Martın 2-də Azərbaycanda söz azadlığının müdafiəçiləri 8 il əvvəl qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini yad ediblər. Bu ənənəvi aksiya azadlıq və demokratiya idealları uğrunda mübarizə aparanları Elmarın qəbri başına toplayır.

Redaktorun ölümünün ildönümü ərəfəsində hüquq mühafizə orqanları yenə cinayətkarların axtarışı barədə ənənəvi və nəticəsiz bəyanat verib. Bu, bəyanatlar artıq cəmiyyətin marağına səbəb olmur.

“MTN-in mətbuat katibi bildirib ki, cinayətkarların təxminən 8 il əvvəl elan edilmiş axtarışı hələlik heç bir nəticə verməyib. Lakin, məlumdur ki, hələ o vaxt Türkiyə istintaq qrupu Azərbaycan rəhbərliyinə cinayətin təşkilatçılarının və icraçılarının adlarını vermişdi”, deyə Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu bildirib.

Müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər jurnalistin ölümündə birbaşa prezident İlham Əliyevi və onun ətrafındakıları ittiham edib.

“Onlar bu cinayəti söz azadlığını boğmaq məqsədilə törədiblər və buna görə cavab verəcəklər”, deyə o bildirib.

2 mart 2005-ci ildə Elmar Hüseynovun qətli jurnalist ictimaiyyətinə əlavə olaraq qorxu və özünüsenzura elementləri gətirdi. Bu, hakimiyyətin KİV üzərində total nəzarət qurmasını asanlaşdırdı. Amma çıxış edənlər qeyd ediblər ki, bu taktika müvəqqəti təsir göstərib. İnternetin inkişafı və yeni gənc nəslin ön səhnəyə çıxması hakimiyyətin bu səylərini boşa çıxarıb.

“Elmar Hüseynovun ölümü əks təsir göstərib. O, Azərbaycanda azad cəmiyyətə yol göstərən yanan məşəl rəmzinə çevrilib”, deyə Turan agentliyinin direktoru Mehman Əliyev bildirib.

Bu gün Elmarın qəbri başında toplaşanlar arasında onun yaradıcılığını və vətəndaş mövqeyini kəşf etmiş çox sayda gənclər var idi.

“Onun “Çılpaq kral” məqalə-həcvi məndə jurnalistikaya gəlmək həvəsi yaratdı”, deyə gənc reportyor Pərviz Əzimov bildirib.

Ötən illərdə olduğu kimi, Elmarın başdaşının yanında atası Sabir Hüseynov dayanırdı, ona sarsılmazlığına və belə bir oğul yetişdirdiyinə görə təşəkkür ediblər.

Şənbə günü axşam saat 20.00-da Elmarın yaşadığı və qətlə yetirildiyi evin qarşısında anım - şam yandırma mərasimi keçiriləcək.

“Monitor” jurnalının redaktoru Elmar Hüseynov mənzilinin kandarında naməlum şəxs tərəfindən güllələnib.Cinayətkar ona tapançadan 7 dəfə atəş açıb. Bir müddət sonra hakimiyyət bildirib ki, qətli əslən azərbaycanlı olan Gürcüstan vətəndaşları – Teymuraz Əliyev və Tahir Xubanov törədib. Lakin Gürcüstan hakimiyyəti bu şəxslərin qətldə iştirakının dəlili olmadığı üçün onları təhvil verməkdən imtina edib.

Sonradan qanqster qrupunun başçısı, eyni zamanda DİN-in Cinayət-Axtarış şöbəsinin əməkdaşı Hacı Məmmədov bu qətlin təşkili barədə danışıb. Lakin hakimiyyət onun bəyanatını indiyədək təhqiq etməyib.

Daha bir versiyanı jurnalist Eynulla Fətullayev irəli sürüb. O, qətlin Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Akif Çovdarov tərəfindən təşkil edildiyini, sonuncunun 2007-ci ildə həbs edilmiş Fətullayevin saxlandığı MTN təcridxanasında bunu ona şəxsən etiraf etdiyini iddia edib.

Son zamanlar isə fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullatyev ölkədə çoxsaylı qətlləri, o cümlədən Elmar Hüseynovun qətlini hakimiyyət daxilindəki qrupun həyata keçirdiyini bildirib.

Martın 1-də Milli Təhlükəsizlik Nazirliyi Elmar Hüseynovun qətlinin açılması, qatillərin Azərbaycana gətirilməsi üçün istintaq-axtarış tədbirlərinin intensiv şəkildə davam etdirildiyini bildirib.

XS
SM
MD
LG