Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq bəyanatla çıxış edərək diqqəti jurnalistlərin zorakılıqdan müdafiəsi probleminə yönəldib.
Turan Agentliyi məlumatına görə, cənab Hammerberq son illər Avropada bəzi aparıcı jurnalistlər amansız qətllərin qurbanları olub. “Türkiyədə Qrant Dink, Ukraynada Georgi Qonqadze, Azərbaycanda Elmar Hüseynov, Rusiyada Anna Politkovskayanın öldürülməsi də bura daxildir”.
Hammerberq yalnız qətllərin icraçılarının deyil, həm də bu cinayətlərin sifarişçilərinin aşkar edilərək cəzalandırılmasının vacibliyini vurğulayıb. “1992-ci ildən Avropa ölkələrində yüzdən çox jurnalist öz peşə fəaliyyətinə görə qətlə yetirilib. Çoxları fiziki hücumlara məruz qalıb və ya hədələnib. Bundan əlavə, jurnalistin ölümü ilə bağlı 30 haldan yalnız 10%-də istintaq məhkəməyədək aparılıb. Bu, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin effektivliyini şübhə altına alır. Bu, insan haqlarının görünməmiş dərəcədə pozulmasıdır, belə ki, hakimiyyət günahkarların cəzasız qalmasına yol verir”, - deyə o, xatırladıb.
“İnformasiya və fikir azadlığına əsaslanan azad, müstəqil və plüralist KİV istənilən demokratiyanın mühüm elementidir. KİV azadlığı digər insan hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət daşıyır. Jurnalistikada məqsəd hakimiyyətdə olanları sevindirmək və ya hökumətin carçısına çevrilmək deyil, “ictimai nəzarəti” həyata keçirməkdir. Bir jurnalistin ünvanına hədələr başqalarının boğulması kimi dağıdıcı effekt verə bilər. Beləliklə, zor tətbiqi ilə bağlı hədə senzura formasına çevrilir. Bu, KİV-ə nəzarətlə məhdudlaşdırıcı qanunlara və digər tədbirlərə də aiddir. Məsələn, bəzi Avropa ölkələrində jurnalistləri böhtanda ittiham edərək həbsə almaq olar. Bu cür cinayətlər dekriminallaşdırılmalı və məhkəmələr tərəfindən mülki hüquq çərçivəsində baxılmalıdır və cəza adekvat olmalıdır. Hüquq-mühafizə və məhkəmə orqanları jurnalistlərə qarşı cinayətlərin daha tez və effektiv təmin olunmasında əsas məsuliyyət daşıyır. Hökumətlər və parlamentlər zəmanət verməlidirlər ki, prokurorlar və müstəntiqlər müstəqil, peşəkar və siyasi baxımdan qərəzsiz olsunlar. Jurnalistlərin təqiblərdən, hücum və qətllərdən qorxmadan təhlükəsiz şəraitdə öz işini görməsi Avropada mətbuat və ifadə azadlığı üçün mühüm əhəmiyyət daşıyır”, - deyə cənab Hammerberq bildirib.
Oktyabrın 5-də AŞPA sessiyası çərçivəsində Avropa sarayının konfrans zallarından birində bu mövzuda dinləmələr keçiriləcək. Dinləmələrdə Hammerberq və ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç çıxış edəcək.