Accessibility links

Elmar Hüseynovun qətlindən altı il keçir


Elmar Hüseynovun qətlindən altı il keçir
Elmar Hüseynovun qətlindən altı il keçir

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında qətlə yetirilib. Jurnalistin atası, hüquq müdafiəçiləri, siyasi liderlər, ziyalılar istintaqın gedişindən narazıdır. Müxalifət jurnalistin tənqidi yazılarına görə qətlə yetirildiyini iddia edir .

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 6 il keçir. Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Jurnalistə tapançadan 7 atəş açılıb. İstintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini bildirib. Azərbaycan hüquq mühafizə orqanları indiyədək hər iki Gürcüstan vətəndaşının istintaqa təhvil verilməsinə nail ola bilməyib.

Bir neçə il öncə, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Gürcüstan paytaxtında Teymuraz Əliyevlə görüşə bilib. Teymuraz Əliyev cinayəti törətmədiyini bildirib.

2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan DİN Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmədə Elmar Hüseynovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

2010-cu ilin yayında isə həbsdə olan jurnalist Eynulla Fətullayev media orqanlarına müraciətində qətlin Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Akif Çovdarov tərəfindən təşkil olunduğunu bildirib. Jurnalistin həbsxanadan media orqanlarına göndərdiyi məktubda deyilir ki, polkovnik Akif Çovdarov öz rəhbərliyinin tapşırığı ilə bu və digər qətllərin həyata keçirilməsi ilə məşğul olub. “Bu polkovnik uzun müddət qətlin icraçılarını axtarıb. Hələ, 2004-cü ilin sonlarında o, 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan "kriminal avtoritet"ə müraciət edib. Ona pul mükafatı əvəzində Elmar Hüseynovun qətlini təşkil etmək təklif olunub, lakin avtoritet bundan imtina edib. Bundan sonra, polkovnik bu qətli həmyerlisi Gürcüstan vətəndaşı Serko Darvişevə tapşırıb. Teymuraz Əliyev və Tahir Xubanovun da daxil olduğu cinayətkar qrup 2 mart 2005-ci ildə jurnalisti qətlə yetirib”, - deyə Eynulla Fətullayev məktubunda qeyd edir.

Jurnalist iddia edir ki, bir neçə dəfə onu hədələyiblər. Elmar Hüseynovun qətlində hüquq-mühafizə orqanlarının əli olması barədə yazmamağı deyiblər və bunun nəticələri barədə xəbərdarlıq ediblər. Lakin o, bu tələblərə məhəl qoymayıb və 2007-ci ildə saxta terrorla hədələmə ittihamı ilə həbs edilib. “2007-ci ilin iyununda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında Çovdarov mənə baş çəkdi və söhbət zamanı hakimiyyətin ünvanına tənqidi yazılarına görə Elmar Hüseynovun qətlinin təşkilində iştirak etdiyini etiraf etdi”, - deyə o bildirib.

Bundan sonra, nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Fətullayevin iddialarını "uydurma və cəfəngiyyat" adlandırıb.

Cənab Babayevin sözlərinə görə, Fətullayev heç bir fakta əsaslanmır və bu şəkildə Elmar Hüseynovun qətlində istənilən şəxsi ittiham etmək olar.
Dünən isə cənab Babayev Elmar Hüseynovun istintaqının gedişi ilə bağlı yeni məlumat verib. O bildirib ki, Azərbaycanın hüquq mühafizə orqanları qətlin törədilməsində iştirakları sübuta yetirilən Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin tutulub istintaqa təhvil verilməsi üçün dəfələrlə Gürcüstan tərəfinə müraciət göndərib, lakin Gürcüstan bundan imtina edir.

Cənab Babayev həmçinin deyib ki, qətllə bağlı şahid qismində yeni dindirilən şəxslər var. “İstintaq dinamik formada davam edir. Elmar Hüseynovun qətli ilə bağlı yeni şahidlər dindirilir, yeni ekspertizalar təşkil olunur, baxış keçirilir. İstintaq sirri olduğuna görə hər detalı açıqlamırıq”, - deyə o qeyd edib.

Öz növbəsində, Elmar Hüseynovun atası Sabir Hüseynov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, hüquq mühafizə orqanları jurnalistin ailəsinə istintaqın gedişi ilə bağlı hər hansı məlumat vermir. Atanın artıq istintaqa ümidi qalmayıb, O ümidini zamana bağlayır.

“Heç kim məlumat vermir, heç məlumat vermək də istəmirlər. Nə qədər müraciət etmək olar, nə qədər yazmaq olar, artıq bezmişəm. Vaxt özü Elmarın qətlində sözünü deyəcək. Vaxt gələcək, belə qalmaz”.

Onun dediyinə görə, vaxtı ilə istintaq orqanları Gürcüstan vətəndaşları ilə bağlı çoxsaylı bəyanatlar verib. “Eynulla Fətullayev gedib, istintaqın adını hallandırdığı qatillərlə görüşdü. Bundan sonra isə Eynullanın özünü həbs etdilər. İndi Eynulla artıq dörd ildir həbsxanadadır. Ölkə başçısı mənə demişdi ki, iki aya işin üstü açılacaq. Artıq 6 il keçib. İndi daha heç kimə müraciət etmək fikrim də yoxdur. Görünür nə isə var ki, işin üstünü açmırlar. Ümidim yalnız zamanadır. Zaman qatilləri cəzalandıracaq”, deyə o qeyd edib.

Elmar Hüseynovla son söhbət edən Monitor jurnalının kommersiya direktoru Zakir Rzayev olub. O Elmarı avtomobillə evinə aparıb. Cənab Rzayev jurnalistlə son söhbətini belə xatırlayır. “Yolda Elmar mağazadan oğluna yoqurt aldı. Sonra binalarının qarşısında avtomobildən düşdü. Avtomobildən düşərkən “Zerkalo” qəzetinin müxbiri İbrahim (İbrahim Bayandurlu 2010-cu ildə vəfat edib) zəng etdi. O İbrahimlə telefonla danışa-danışa binaya daxil oldu”, - deyə o bildirib.

Bu gün çoxsaylı insan Elmar Hüseynovun məzarını ziyarət edib. Ziyarətçilər arasında siyasi xadimlər, ziyalılar, hüquq müdafiəçiləri, qəzet redaktorları və diplomatlar olub.

Elmar Hüseynov Fondunun icraçı direktoru Şahbaz Xuduoğlu istintaqın gedişindən narazılığını ifadə edib. “İstintaqda hər hansı yenilik yoxdur. Elmarın qətlinin məsuliyyəti hüquq-mühafizə orqanlarının üzərindədir”.

Müxalifət liderləri çıxışlarında jurnalistin qətlində hazırkı iqtidarı günahlandırıb. Müsavat Partiyasının başqanı İsa Qəmbər hesab edir ki, dünyada artıq avtoritar rejimlərin zəngləri çalınır. “Azərbaycanda da bu zəng çalınacaq. Məhz, o zaman Elmar Hüseynovun əsl qatilləri cəzasına çatacaq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Elmar Hüseynovun qətlinin kəskin tənqidçilərin sözlərini senzura etməsi məqsədi ilə həyata keçirildiyini bildirib. “Elmar Hüseynov hazırkı iqtidarı əsl mahiyyətini yazanda bəzi paytaxtlarda Azərbaycan iqtidarına demokrat donu geyindirirdilər”.

ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat katibi Keyt Bin də ziyarətçilər arasında olub. O, Amerikanın Səsi radiosuna bildirib ki, ABŞ hakimiyyəti Azərbaycan rəhbərliyini bu cinayətdə əli olanların hamısını məsuliyyətə cəlb etməyə çağırır.“Biz Elmar Hüseynovun məzarını ziyarət etməklə azad medianı dəstəklədiyimizi bir daha bəyan edirik. Eyni zamanda, Elmar Hüseynovun qətlində əli olan insanların tutulub cəzalandırılması məqsədi ilə Azərbaycan hökumətinə müraciət edirik. Biz həmçinin ümid edirik ki, bundan sonra Azərbaycanda jurnalistlər həbs edilməyəcək”, - deyə o qeyd edib.

XS
SM
MD
LG