Accessibility links

Eynulla Fətullayev: Azərbaycanda mətbuat landşaftının dağıdılması Elmar Hüseynovun qətli ilə başladı


Eynulla Fətullayev: Azərbaycanda mətbuat landşaftının dağıdılması Elmar Hüseynovun qətli ilə başladı
Eynulla Fətullayev: Azərbaycanda mətbuat landşaftının dağıdılması Elmar Hüseynovun qətli ilə başladı

Elmar Hüseynov böyük dağ, böyük qəhrəman idi. Bütün Azərbaycan bilir ki, Elmar Hüseynov niyə, nə üçün, nəyin üstündə və kimlər tərəfindən qətlə yetirilib. Azərbaycanda yeni, yəni bu gün davam edən siyasi sistem məhz, Elmar Hüseynovun qətlindən sonra tətbiq edilməyə başladı. Ölkəni dünyadan təcrid etmək olmaz. Bütün bunları Eynulla Fətullayevlə müsahibədə oxuyun.

Gündəlik Azərbaycan qəzetinin baş redaktoru Eynulla Fətullayev Amerikanın Səsi radiosuna müsahibəsində jurnalist Elmar Hüseynovun iyunun 17-də 44 yaşının tamam olduğunu, onun qətlindən 5 ildən çox keçməsinə baxmayaraq cinayətkarların və sifarişçilərin həbs edilməməsini, E. Hüseynovun qətlindən sonra mediaya davamlı basqıların başlandığını bildirib.

Sual: İyulun 17-də Elmar Hüseynovun ad günüdür, onun 44 yaşı tamam olur. Elmarı necə xatırlayırsınız?

Cavab: Elmar Hüseynovun qətlindən sonra Azərbaycan mətbuatında böyük boş yer qalıb. Bu boşluğu heç kim doldurmaq iqtidarında deyil. Elmar Hüseynov böyük dağ idi, böyük qəhrəman idi. Onun müqavimət potensialı, yaradıcılıq potensialı, həyat eşqi, eyni zamanda gələcəyə ümidləri, prinsipiallığı, mənəvi saflığı var idi. Bütün bu komponentləri birləşdirən insanın adı Elmar Hüseynov idi.

Sual: Monitor jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında qətlə yetirilib. Onun qətlinin istintaqı hələ də davam edir, nə qatillər, nə də qətlin sifarişçiləri indiyədək həbs edilməyib. Qətl niyə açılmır?

Cavab: Artıq, bütün Azərbaycan bilir ki, Elmar Hüseynov niyə, nə üçün, nəyin üstündə və kimlər tərəfindən qətlə yetirilib. Bu məsələdə tərəddüd yoxdur.

Sual: Elmar Hüseynovun qətlindən sonra Azərbaycanda çoxsaylı jurnalistlər fiziki təzyiqlərə məruz qalıb. Bizim Yol qəzetinin redaktoru Bahəddin Həziyev oğurlanaraq ayaqlarının üzərindən avtomobil sürülüb, Azadlıq qəzetinin müxbiri Fikrət Hüseynli, Aqil Xəlil oğurlanaraq bıçaqlanıb, bu qəzetin baş redaktoru Qənimət Zahid və satirik yazar Mirzə Sakit həbs edilib. Elə, siz özünüz də, başınıza dəmir parçası vurdular, sonra isə həbs edildiniz. Elmar Hüseynovun qətlindən sonra Azərbaycan mətbuatının durumunu necə qiymətləndirirsiniz?

Cavab: Cənubi Amerika ölkələrində Violensiya adlı siyasi rəmzi məfhum var. 20-ci əsrin ortalarında Kolumbiyada yarımdemokratik bir rejim hökm sürürdü. O vaxtki iqtidar demokratiya imitasiyası nümayiş etdirirdi. Sonradan, sərt diktator rejiminə və avtoritar üsul-idarəyə keçid haqqında qərar verildi. Bu qərarın sabahısı günü Kolumbiyada “Liberasion” qəzetinin baş redaktoru qətlə yetirildi. İndi Kolumbiya tarixində həmin mərhələ qətlə yetirilən redaktorun adı ilə Violenseya adlandırılır və bu mərhələnin başlanğıcı jurnalistin qətl günündən hesablanır. Bununla Elmarın qətl günü arasında çox maraqlı paralellər və tarixi analogiya aparmaq olar. Azərbaycanda da yeni, yəni bu gün davam edən siyasi sistem məhz, Elmar Hüseynovun qətlindən sonra tətbiq edilməyə başladı. Heydər Əliyevin hakimiyyəti dövründə jurnalistlərə vaxtaşırı hücumlar olurdu. Məni döydülər, Rauf Arifoğlunu (“Yeni Müsavat” qəzetinin baş redaktoru-əlavə müəllifindir) həbs etdilər, Elmar Hüseynovu da həbs edib bir aydan sonra azad buraxdılar. Amma, mətbuatın üzərinə sistemli hücum və mətbuat landşaftının dağıdılması Elmar Hüseynovun qətlindən sonrakı dövrə təsadüf edir. Elmarın qətli sanki rəmzi bir səciyyə daşıyırdı. Qaçış xəttində hakimin tapançadan atdığı atəşlə marafona başlayır, amma hakimin bu gülləsi məhz Elmara dəydi.

Sual: İndi jurnalistlərə, xüsusilə xarici jurnalistlərə qarşı bir tendensiya başlayıb. Onları ya ölkəyə buraxıb sonra çıxarırlar, ya da ölkəyə buraxmırlar. Deyirlər ki, təhlükəsizliyinə təminata verə bilmirik. Bu isə öz növbəsində ölkəyə qarşı beynəlxalq tənqidlərə səbəb olur. Bu tendensiyanı necə qiymətləndirirsiniz?

Cavab: Bu, tamamilə cəfəngiyatdır. Bu, Sovet üsul-idarəsinə və kommunist ənənələrinə qayıdışdır. Ölkəni dünyadan təcrid etmək olmaz. Azərbaycan Şimali Koreya və ya İran yolunumu tutub?

Sovet dövründəki kimi dəmir pərdə siyasətimi tətbiq olunub? Hökumət rəsmilərinin hərəkətləri ilə prezidentin həyata keçirdiyi siyasət arasında ziddiyyətlər mövcuddur. Deyirlər ki, Azərbaycan avrointeqrasiya yolu ilə irəliləyir, dünyaya inteqrasiya olunur, ölkəmiz şəffafdır, bütün dünya Azərbaycanda inkişafı seyr edə bilər. Digər tərəfdən isə dəmir pərdə tətbiq edib, insanları ölkəyə buraxmırlar. Bloomberg agentliyinin müxbirini ölkəyə buraxmayıblar ki, o, erməni əsillidir. Bu cəfəngiyatdır. Azərbaycan hökuməti təbliğ edir ki, ölkədə 30 min erməni yaşayır və onların təhlükəsizliyi hərtərəfli təmin olunub. Lakin, bir nəfər erməni soy-kökü olan jurnalist ölkəyə buraxılmır. Burada ciddi ziddiyyət var. Digər tərəfdən, prezident daim bəyan edir ki, Azərbaycan dövləti qüdrətlidir və heç bir qüvvə bizim dövlətçiliyimizi, müstəqilliyimizi, suverenliyimiz sarsıda bilməz. Amma, hansısa fotoreportyoru ölkəyə buraxmırlar. Bu onun nəticəsidir ki, Azərbaycanın konseptual siyasəti yoxdur, yaxud konseptual siyasəti bir və ya bir neçə şəxsin iradəsi əvəz edib.

XS
SM
MD
LG