Sentyabrın 8-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Yaxın Şərq hadisələri və Güney Azərbaycanda durum” mövzusunda dinləmələr keçirilib.
DAK həmsədri, Azərbaycan Milli Məclisinin (parlament) deputatı Sabir Rüstəmxanlı Azərbaycanda Güney Azərbaycan (İran Azərbaycanı) məsələsinə yanaşmanın köhnə sovet-bolşevik yanaşmasından fərqli olmadığını bildirib.
“Güney Azərbaycan türklərinin üzləşdiyi problemlər diqqətdə saxlanılmalıdır. Azərbaycan dövləti Yaxın Şərqdə baş verən dəhşətli hadisələr fonunda Güney Azərbaycana sahib çıxmalıdır. Yaxın Şərq ölkələrində, İranda əzilən türklərdir, amma Türk Dünyası sanki baş verənləri görmür. Türk dövlətləri millətinə biganədir. Elmi və ictimai dairələr məsələyə xüsusi önəm verməlidirlər. Cəmiyyətin fikri Güney Azərbaycan türklərinə yönəldilməlidir”.
O deyib ki, beynəlxalq təşkilatların da etiraf etdiyi kimi, İranda əhalinin 52 faizinin azərbaycanlı, türk olduğunu söyləmək mümkündür.
DAK-ın Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı bildirib ki, Güney Azərbaycanda onlarla fəal həbs edilir, ana dilində danışığa görə cəzalar tətbiq edilir. “PKK terror təşkilatının İran qolu sayılan “PEJAK” Güney Azərbaycanın qərb torpaqlarını öz ərazisi sayır, bununla bağlı xəritə belə mövcuddur”.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz Güney Azərbaycandan olan türklərin Azərbaycan Respublikasında təhsil almalarına şəraitin yaradılmasının əhəmiyyətindən danışıb.
“Güney Azərbaycan türklərinə ikili vətəndaşlıq verilməlidir. Bu, soydaşlarımızın Azərbaycan Respublikasında iş və təhsillə bağlı yaranan problemlərinin aradan qaldırılması baxımından çox önəmlidir. Xalqımız orada təklənib. Burada onların bu problemi öz həllini tapmalıdır. Təəssüf ki, Azərbaycanda cənubdakı soydaşlarımıza laqeyd münasibət var. Mətbuat da bu mövzuya az yer ayırır”.
O, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin xətti ilə Güney Azərbaycanla bağlı jurnalın nəşrə başlayacağını da söyləyib.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu vurğulayıb ki, Güney Azərbaycan bir şərəf məsələsidir.
“İrandakı fars-molla rejimi nəinki anti-İslam, həm də anti-insani bir rejimdir. Azərbaycan dövlətini təmsil edən bu hakimiyyət anti-İslam cümhuriyyətinə millətin mövqeyini çatdırmalıdır. Azərbaycan türklərinin problemini həll etməliyik və onlara maddi-mənəvi dəstək verməliyik. Ancaq bu gün Azərbaycanda güneyli soydaşlarımıza göstərilən münasibət sovet zamanında göstərilən münasibətin yanında heç nədir. Bunu Cavad Heyətin dəfni zamanı daha da qabarıq göstərdilər”.
DAK Daimi Şurasının sədri Əjdər Tağızdə bildirib ki, bu gün Yaxın Şərqdə baş verən terror hadisələrinin kökü İranda İslam Cümhuriyyəti yaranan çağlarda qoyulub.
“İndi İŞİD-in qadınları zorlamalarını vaxtilə İranda İslam Cümhuriyyətini quranlar həyata keçirib. İŞİD-in ideya rəhbəri İrandır”.