Tanınmış güneyli yazar və hüquq müdafiəçisi Böyük Rəsuloğlu Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanının aktual məsələləri, həmçinin bölgədəki olaylar və onları güneyi əlaqələndirən cəhətləri ilə bağlı öz düşüncələrini bəyan edib.
Tanınmış fəal güney toplumunun ana dili və Urmiyə Gölü böhranı ilə bağlı tələbləri, prezident Həsən Ruhaninin həmin tələblərə cavab olaraq verdiyi vədlər, İran İslam Respublikasının Qərb ilə münasibəti, habelə bölgədə baş verən hadisələr haqqında danışıb.
Hakimiyyət içərisində olan bəzi məsulların Urmiyə gölü ilə bağlı nəhayət dərəcə üsulsuz və məntiqsiz hərəkətləri, eləcə də bu böhranın həllini tələb edən fəalların həbs edilməsini görəndə insan gerçəkdən də bu gölün bilərək qurudulduğuna inanır.Böyük Rəsuloğlu
“Hakimiyyət içərisində olan bəzi məsulların Urmiyə gölü ilə bağlı nəhayət dərəcə üsulsuz və məntiqsiz hərəkətləri, eləcə də bu böhranın həllini tələb edən fəalların həbs edilməsini görəndə insan gerçəkdən də bu gölün bilərək qurudulduğuna inanır,” deyə Böyük Rəsuloğlu İran dövlətinin Urmiyə Gölü ilə bağlı hər hansı əməli addım atmadığından öz narahatlığını ifadə edib.
Keçmişdə bir mühəndis kimi Urmiyə Gölü ilə bağlı layihələrdə yer almış Rəsuloğlu hakimiyyət daxilində bəzi qüvvələr, o cümlədən Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantərinin fəaliyyətini müsbət dəyərləndirsə də hökümətin ümumi siyasətinin mənfi olduğunu vurğulayıb.
Ötən fevral ayında Dünya Ana Dili Gününü qeyd edən milli fəallara qarşı tətbiq edilən kütləvi həbslər və prezident Ruhaninin Türk dilində təhsil ilə bağlı verdiyi vədlərə işarə edən güneyli yazarın sözlərinə görə, İran İslam Respublikası dil haqlarını bütünlüklər inkar edərək, öz konstitusiyasında verilən hüquqları belə yerinə gətirmir.
Bütün bu yaxınlaşmalara baxmayaraq İran İslam Respublikası məhv olsun Amerika şüarından vaz keçməyəcək, İranda din hakimiyyəti davam edənə qədər bu ölkənin Qərb ilə düzgün münasibət qurması mümkün olmayacaq.Böyük Rəsuloğlu
O, İranın qeyri-fars dillərlə bağlı siyasətini irqçi bir siyasət kimi qiymətləndirib.
Bir çox siyasi ekspert Həsən Ruhani hökümətinin Qərb ölkələri, xüsusilə Amerika ilə münasibətləri yaxşılaşdırma istiqamətində yürütdüyü siyasətin uğurlu olduğu, eləcə də İranın bölgədə nüfuzunu artıraraq gücləndiyini irəli sürürlər.
Böyük Rəsuloğlu isə bu durumun uzun müddət davam etməyəcəyinə inandığını qeyd edir. Onun sözlərinə görə, “Bütün bu yaxınlaşmalara baxmayaraq İran İslam Respublikası məhv olsun Amerika şüarından vaz keçməyəcək, İranda din hakimiyyəti davam edənə qədər bu ölkənin Qərb ilə düzgün münasibət qurması mümkün olmayacaq.
Norveçdə yaşayan güneyli fəal eyni zamanda İran hakimiyyətinin dünya və bölgədə güclənib ya zəiflənməsindən asılı olmayaraq Güney Azərbaycan Milli Hərəkatının güclənərək mübarizəyə davam etməsinin gərəkli olduğunu vurğulayıb.
“Biz özümüz güclənməliyik. İran İslam Respublikası istər getdikcə güclənsin, istərsə zəifləsin, biz bundan asılı olmayaraq güclənməyi bacarmalıyıq,” deyə o əlavə edib.