Giresun Universitetinin beynəlxalq əlaqələr üzrə mühazirəçisi Yalçın Sarıkayanın fikrincə Türkiyədə yaşayan İran Azərbaycanı və digər ölkələrdən olan türk fəallar həm dövlət orqanları, həm də Türkiyənin mədəni təsisatları və əhalinin müxtəlif qrupları ilə əməkdaşlığa can atmalıdırlar. “İranda Milliyetçilik” adlı kitabın müəllifi Amerikanın Səsi ilə söhbətdə Türkiyə toplumunun digər ölkələrdə yaşayan türk xalqlarının problemlərinə baxışını dəyərləndirməklə yanaşı, İran və İran Azərbaycanı, Iraq, Çin və Rusiya kimi ölkələrdə insan haqları pozuntularına məruz qalan türklərin Türkiyədə insan haqları söyləmi ilə deyil, daha çox millətçi söyləmlərlə gündəmə çıxmalarının səbəblərini təhlil edib.
Bilgisizlik və ilgisizlik arasında yaxın bir irtibat olduğunu düşünürəm. Öncəliklə dış türklərin daha yaxşı və yaxından tanınması gərəkir. Bu bilgi əksikliyi nöqtəsində təhsildən medyaya, siyasətdən bürokratiyaya qədər bir çox qrupun sorumluluğu vardır.Yalçın Sarıkaya
Yalçın Sarıkaya Türkiyə toplumunda Türkiyə xaricində yaşayan türk xalqlarına qarşı simpatiya və onların həyatları və haqları ilə bağlı qayğıların mövcüd olduğunu, lakin bunun lazımi səviyyədə olmadığını düşündüyünü ifadə edir.
“Yaxın zamanlara qədər çeşitli qurumlar, dərnəklər və ağırlıqlı olaraq millətçi siyasi təşkilatların fəaliyyətləri xaricində toplumun geniş kəsimlərinə çatmış bir fərqindəlik və qayğılanma yox idi. Kütləvi informasiya vasitələri və özəlliklə sosial medianın yayılması ilə toplumun bu meylində yuxarıya doğru bir hərəkətlilik olduğunu görürəm,” deyə Girəsun Universitetinin müəllimi durumun getdikcə yaxşılaşdığını söyləyir.
Dosent Sarıkaya müxtəlif ölkələrdə basqılara məruz qalan türklərin sorunlarının Türkiyədə daha çox millətçi qruplar tərəfindən diqqətə alınıb, ancaq insan haqları təşkilatlarının gündəminə çıxmamasının səbəblərini də dəyərləndirir. O, bu istiqamətdə Türkiyədə müxtəlif qurumların Fələstin və digər yerlərdə yaşayan müsəlmanların problemlərinə ayırdıqları diqqət ilə onların qonşu ölkələrdə yaşayan türk xalqları ilə münasibətini müqayisə edir.
Yaxın zamanlara qədər çeşitli qurumlar, dərnəklər və ağırlıqlı olaraq millətçi siyasi təşkilatların fəaliyyətləri dışında toplumun geniş kəsimlərinə çatmış bir fərqindəlik və qayğılanma yox idi. Kütləvi informasiya vasitələri və özəlliklə sosial medianın yayılması ilə toplumun bu meylində yuxarıya doğru bir hərəkətlilik olduğunu görürəm.Yalçın Sarıkaya
Beynəlxalq əlaqələr eksperti həmçinin Türkiyədə türk xalqlarının problemləri ilə bağlı mövcüd olan məlumatsızlığa toxunur.
Onun sözlərinə görə, Türkiyədə yaşayan türk xalqların təmsilçiləri, o cümlədən Güney Azərbaycandan olan fəallar bu məlumatsızlığı ortadan qaldırmaq istiqamətində fəaliyyət göstərməlidirlər.
“Bilgisizlik və ilgisizlik arasında yaxın bir irtibat olduğunu düşünürəm. Öncəliklə xaricdə yaşayan türklərin daha yaxşı və yaxından tanınması gərəkir. Bu bilgi çatışmazlığı nöqtəsində təhsildən mediaya, siyasətdən bürokratiyaya qədər bir çox qrupun məsuliyyəti vardır,” deyə Yalçın Sarıkaya qeyd edir.
Güney Azərbaycan və digər ölkələrdən olan türk fəalların bu istiqamətdə göstərdiyi fəaliyyətlərin yetərsiz olduğuna diqqət yetirən Yalçın Sarıkayanın sözlərinə görə, bu fəalların qarşısında iqtisadi çətinliklər olsa da, mövcüd olan qabiliyyətlərin tamamından istifadə edilmədiyi də məlumdur.
“Türk xalqları Türkiyə və başqa ölkələrdəki fəaliyyətlərini dövlətlərlə məhdudlaşdırmayıb və bu çalışmaları mədəni quruluşlar və toplumun müxtəlif kəsimləri ilə əlaqələndirmələri gərəkir,” deyə ekspert söyləyir.
“İran'da Milliyetçilik - Tarihi ve Jeopolitik Boyutlarıyla” adlı kitabın müəllifi türk millətçilərin media, təbliğat və informasiya sahələrində irəliləyişlərə ehtiyac olduğunu vurğulayır.