Leyla Yunus və Repressiya Qurbanlarının Hüquqlarını İctimai Müdafiə Komitəsinin sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində son dövrlər həbs edilən fəallar, hüquq müdafiəçiləri və onların hüquqlarının müdafiəsi ilə bağlı aparılacaq işlərdən danışıb.
Amerikanın Səsi: Həbs edilənlərin hüquqlarının müdafiəsi sahəsində hansı işlər aparılır?
Cəmil Həsənli: Əvvəla bu hüquqların ictimai müdafiəsi ilə bağlı yaradılmış bir komitədir. Azərbaycan konstitusiyası, qanunları, ölkənin qoşulduğu beynəlxalq konvensiyalar əsasında işini qurur.
Azərbaycanda hər kəsə aydındır ki, istər Leyla xanım, istər onun həyat yoldaşı Arif bəy, istərsə də digər hüquq müdafiəçiləri saxta ittihamlarla həbs olunub.
Azərbaycanda hər kəsə aydındır ki, istər Leyla xanım, istər onun həyat yoldaşı Arif bəy, istərsə də digər hüquq müdafiəçiləri saxta ittihamlarla həbs olunub. Bizim hüquq müdafiə təşkilatı yaratmağımız, onları müdafiə etməyimiz də bununla bağlıdır. Şəkər xəstəliyindən əziyyət çəkən bir insanın saxta ittihamla həbs edilməsi, təcridxanada saxlanılması Azərbaycanın heç bir qanununa, Azərbaycanın qoşulduğu İnsan Haqları Konvensiyasına uyğun deyil.
Leyla xanımla yanaşı çox tanınmış politoloq Arif Yunus da həbs edilib. Mən hesab edirəm və əminliklə bir tarixçi kimi deyirəm ki, beynəlxalq aləmdə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini işıqlandıran hər hansı xarici istər-istəməz Arif Yunusun Qarabağla bağlı yazdığı əsərlərə istinad edir.
İntiqam Əliyev isə Azərbaycanın ən yaxşı hüquqşünasıdır, ən yaxşı vəkilidir. Onun vəkilliyi ilə Azərbaycandan çoxsaylı işlər Avropa Məhkəməsinə göndərilib. İntiqam Əliyev o qədər peşəkar vəkildir ki, o qədər əsaslandırılmış işlər hazırlayır ki, onların hamısı Avropa Məhkəməsi tərəfindən qəbul olunur.
Təsəvvür edin 51 işin əksəriyyəti qərar mərhələsindədir. Bu qərarlar qəbul ediləndə Azərbaycan parlamenti qeyri-legitim vəziyyətə düşür.
2010-cu ilin seçki münaqişələri ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə 76 iş göndərilib. Onların 51-i qəbul olunub. Bu işlərin isə yarıdan çoxunun vəkili İntiqam Əliyevdir. Həmin işlərin əksəriyyəti kommunikasiya mərhələsindədir. Hakimiyyət İntiqam Əliyevi həbs etməklə bir növ Avropa Məhkəməsinin qərarlarını yubatmış olur. Vəkil olmayanda kommunikasiya da olmayacaq. Təsəvvür edin 51 işin əksəriyyəti qərar mərhələsindədir. Bu qərarlar qəbul ediləndə Azərbaycan parlamenti qeyri-legitim vəziyyətə düşür.
Amerikanın Səsi: Hazırda Azərbaycanda sizin komitənin müəyyən etdiyi neçə siyasi məhbus var?
Birləşdirilmiş siyahıda 98 nəfər barədə razılığa gəlinmişdi. Amma onların razılığından sonra özləri tutuldu bu siyahı 100 oldu. Sonra İntiqam bəy tutuldu 101 oldu, sonra Müsavat rayon təşkilatının sədri tutuldu 102 oldu, sonra narkotik ittihamı ilə Sabirabadda Murad Ədilov tutuldu və 103 oldu.
Cəmil Həsənli: Əvvəla siyasi məhbusların sayını bizim komitə müəyyən etməyib. Siyasi məhbusların sayını həbslərindən öncə Leyla Yunus və Rəsul Cəfərov siyahıları birləşdirərək müəyyən edib. Birləşdirilmiş siyahıda 98 nəfər barədə razılığa gəlinmişdi. Amma onların razılığından sonra özləri tutuldu bu siyahı 100 oldu. Sonra İntiqam bəy tutuldu 101 oldu, sonra Müsavat rayon təşkilatının sədri tutuldu 102 oldu, sonra narkotik ittihamı ilə Sabirabadda Murad Ədilov tutuldu və 103 oldu. Görürsünüz, son on gün ərzində siyahı şişə-şişə gedir. Ona görə də biz siyasi mülahizələrlə həbs olunmuş şəxsləri müdafiə etməyi özümüzün bir vətəndaş borcu hesab edirik. Bütün təşkilatları kənara qoymaq lazımdır, bu bizim vətəndaş borcumuzdur. Bu bizim ziyalı borcumuzdur və cəmiyyətin bir müqavimət gücü olmalıdır. Bu müqavimət gücü ortada olmalıdır. Azərbaycan hökumətinin məqsədi cəmiyyəti susdurmaqdır. Üç nəfər də qalsa bu müqavimət davam edəcək.
Amerikanın Səsi: Bir çox beynəlxalq təşkilatlar, yerli hüquq müdafiəçiləri Azərbaycan hökumətinə siyasi məhbusların azad edilməsi ilə bağlı müraciət edib. Hökumətin əks reaksiyasını necə qiymətləndirirsiniz?
Məni narahat edən məsələ ondan ibarətdir ki, bu günləri prokurorluğun, Milli Təhlükəsizlik, Daxili İşlər Nazirlilərinin tərkibinə daha bir güc strukturu əlavə olunub, bu da Vergilər Nazirliyidir.
Cəmil Həsənli: Hökumət Əli Həsənovun dili ilə bir açıqlama verdi. Hesab edirəm ki, bu yetərli açıqlama deyil, qüsurlu açıqlamadır. Əsaslandırma mövcud deyil, əsaslandırma yoxdur. Bu adamların həbsi o qədər açıq xarakter daşıyır ki, buna hər hansı don geyindirmək mümkün deyil. Haradasa vergi yayınması varsa, bu təşkilatlar on illərlə hesabatlar veriblər. Gərək onlar hesabat verəndə nöqsanlar göstəriləydi ki, problem var. Təşkilatlara xəbərdarlıq edilməli idi, bunların heç biri olmayıb. Məni narahat edən məsələ ondan ibarətdir ki, bu günləri prokurorluğun, Milli Təhlükəsizlik, Daxili İşlər Nazirlilərinin tərkibinə daha bir güc strukturu əlavə olunub, bu da Vergilər Nazirliyidir. Adamların, qeyri hökumət sektorunun Vergilər Nazirliyinin əli ilə boğulması elə də yaxşı əlamət deyil.
Amerikanın Səsi: Komitə etiraz aksiyaları, siyasi aksiyalar keçirəcəkmi? Müdafiəni necə quracaq?
Əlbəttə, komitə etiraz aksiyaları da keçirəcək.
Cəmil Həsənli: Əlbəttə, komitə etiraz aksiyaları da keçirəcək. Bu gün vəziyyət belədir ki, yay aylarıdır. Özünüz də görürsünüz ki, hamı tətildədir.
Azərbaycanda olan xarici ölkə səfirliklərinin demək olar ki, heç birinin birinci şəxsi Bakıda deyil. İnsan haqlarına önəm verən bir sıra ölkələrin rəhbər dairələri də yay tətilindədir.
Bununla yanaşı biz insan hüquqları təşkilatları, beynəlxalq və yerli mətbuat, ictimai dairələr, hüquq təşkilatları ilə əlaqələrimizi davam etdiririk. Son iki həftə ərzində beynəlxalq mətbuatda həbs olunanlarla bağlı ciddi yazılar dərc olunmaqdadır. Azərbaycan hakimiyyətinə də təzyiqlər olur.