Accessibility links

Milli Şura: Siyasi məhbuslarsız Azərbaycan tarixin reallığına çevriləcək.


Siyasi məhbuslar (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)
Siyasi məhbuslar (Foto Əli Kərimlinin Facebook səhifəsindən götürülüb)

Qurum siyasi məhbusların vahid siyahısını dəstəkləyir

Demokratik Qüvvələrin Milli Şurası son günlər ölkədə genişlənən qanunsuz həbslər, siyasi məhbus problemi və bir neçə gün öncə hazırlanmış siyasi məhbusların vahid siyahısı ilə bağlı müraciət qəbul edib.

Milli Şura bəyan edir ki, siyasi məhbusların vahid siyahısında yer alan və ora əlavə ediləcək bütün siyasi məhbusların taleyi onun daimi diqqət mərkəzindədir və bu siyahını müdafiə edir.

Qurum Azərbaycan hökumətindən onları dərhal azadlığa buraxmağı tələb edir və onların azadlığına nail olmaq üçün həm daxildə, həm də beynəlxalq səviyyədə bütün qanunu fəaliyyət imkanlarını səfərbər edəcək. “Bu həbslərin əsas məqsədi xalqı qorxu altında saxlamaq, vətəndaş cəmiyyəti institutlarını və müxalif mövqeli siyasi qüvvələri ölkənin həyatından sıxışdırıb çıxarmaqdır. Milli Şura bu çirkin niyyətin baş tutmaması üçün əlindən gələni edəcəyini bəyan edir”, sənəddə qeyd edilir.

Milli Şura hakimiyyətin repressiya siyasətini qəbul etməyən bütün insanları ölkədə hamının qorxudulduğu və susdurulduğu, idbar reallıqla barışmaq zorunda qaldığı alçaldıcı mühitin yaranmasına imkan verməmək üçün səfərbər olmağa çağırır. “Ruhdan düşməyə, ümidsizliyə qapılmağa haqqımız yoxdur. İndiki və gələcək nəsillərimizin azad, ədalətli, demokratik bir ölkədə yaşamasını təmin etmək üçün bircə yolumuz var: mübarizəni davam etdirmək.

Milli Şura məqsədi həqiqətən də xalqımızın xoş gələcəyi üçün çalışan bütün ictimai və siyasi qüvvələri bir daha bu mərhələdə eyni mövqedən çıxış etməyə, artıq hazırlanmış vahid siyasi məhbus siyahısına birmənalı dəstək verməyə çağırır. Əmin olun ki, siyasi məhbuslarsız, azad və insan haqlarının uca tutulduğu Azərbaycan tarixin reallığına çevriləcək. Mübarizəmizin kəsəri o günlərə qədər bir zərrə də azalmayacaq”, müraciətdə bildirilir.

Vahid siyasi məhbus siyahısına ilkin olaraq 98 məhbusun adı daxil edilib. Avropa Şurasının Parlament Assambleyası ölkədə siyasi məhbsularla bağlı hesabat hazılaması üçün məruzəçi ayırıb.

Bununla yanşı rəsmi Bakı ölkədə siyasi məhbus olmadığını bəyan edib.

XS
SM
MD
LG