Ötən il ərzində Azərbaycan ərazisində 2010-cu illə müqayisədə ayrılan seysmik enerjinin həcmi 25, baş vermiş zəlzələlərin sayı isə 60 faiz artıb.
Trend Agentliyinin məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli ötən ilin hesabatını açıqlayan zaman deyib.
Onun sözlərinə görə, zəif zəlzələlərin sayının çoxalması seysmik stansiyaların sayının artması ilə əlaqədardır.
Son 12 ildə ayrılan seysmik enerjinin və zəlzələlərin sayının paylanmasının analizi göstərir ki, 2004-cü ildə ayrılan seysmik enerjinin artma meyli 2007-ci ildə dayanıb, 2009-cu ildə minimuma çatıb, 2010-2011-ci illərdə isə tədricən artmağa başlayıb.
Cənab Yetirmişli deyib ki, 2011-ci ildə ölkə ərazisində və sərhəd zonalarda 7761 yeraltı təkan qeydə alınıb. Onlardan 3840-ı yerli, yaxın və 3921-i uzaq zəlzələlərdir. Ötən il 17 hiss olunan zəlzələ qeydə alınıb. Aparılan analiz 2011-ci ildə zəlzələlərin sayının çox və ayrılmış seysmik enerjinin miqdarının 2010-cu ilə nisbətən yüksək olduğunu göstərir. Ötən il baş vermiş 17 hiss olunan zəlzələdən 10-u Böyük Qafqazın cənub-şərq yamacının Kür depressiyası ilə təmas zonasında qeydə alınıb.
Ötən il Acıçay-Ələt, Vəndam uzununa qırılmaları, Taircalçay-Salyan, Palmir-Abşeron, Qutan-Zəngilan, Talış-Qaraboğazqol eninə dərinlik qırılmaları istiqaməti boyu aktivləşmə müşahidə olunub.
Zəlzələlərin uzunmüddətli proqnozu məqsədilə tədqiq edilən Vp/Vs parametrinin anomal dəyişmə xüsusiyyətləri əsasında proqnostik xəritələr tərtib olunub. Həmin xəritələrdə görünür ki, Şamaxı-İsmayıllı, Şəki-Zaqatala rayonları, eləcə də respublikanın şimal-qərb ərazisində (Gəncə və Qazax rayonları) potensial təhlükəli zonalar müşahidə olunur.