Accessibility links

Azərbaycan hökuməti Avropa İttifaqı və Avropa Şurası tərəfindən keçirilən seminarı boykot edib


Rəsmi şəxslərlə görüşlərində Avropa İttifaqı vətəndaş cəmiyyətinin inkişafına mühüm önəm verdiyini vurğulayıb

Azərbaycan hökuməti cümə axşamı Bakıda Avropa İttifaqı və Avropa Şurası tərəfindən təşkil edilmiş QHT sahəsində qanunvericiliyə dair seminarı boykot edib.
Seminarda Avropa İttifaqının və Avropa Şurasının Bakı missiyalarının rəhbərləri, həmçinin beynəlxalq ekspertlər iştirak edib. Lakin hökumət nümayəndələri tədbirə əhəmiyyət verməyib, baxmayaraq ki, öncədən iştirakları təsdiqlənib.
Aİ-nin Bakıdakı missiyasının rəhbəri, səfir Rolan Kobia bununla bağlı təəccübünü bildirib. “Aİ nümayəndəliyi izahat gözləyəcək”.
O, jurnalistlərlə söhbətində bildirib ki, tədbir əvvəldən planlaşdırılıb və hətta azərbaycanlı məmurların iş qrafikləri ilə əlaqədar vaxtı dəyişdirilib.
Cənab Kobia xatırladıb ki, bu cür hal iki həftə əvvəl Aİ-nin genişlənmə üzrə komissarı Ştefan Fülenin Bakıya səfərindən sonra baş verib. O, rəsmi şəxslərlə görüşlərində Aİ-nin vətəndaş cəmiyyətinin inkişafına mühüm önəm verdiyini vurğulayıb. ”Odur ki, biz bu tədbirə müsbət yanaşmanı görmək istəyərdik”, - o qeyd edib.

“Fikrimcə, seminarda iştirakdan imtina edən rəsmi şəxslər vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinin böyük əhəmiyyətindən danışan dövlət başçısının da göstərişinə məhəl qoymayıb”, - cənab Kobia qeyd edib.

Avropa Parlamentinin Azərbaycana dair son qətnaməsi ilə bağlı Bakının rəyini şərh edən Kobia Fülenin sözlərini təkrarlayaraq bildirib ki, Aİ ölkəni daha da çox dəstəkləməyə hazırdır, lakin ölkə də tərəfdaşlığa böyük səy göstərməlidir. “Təəssüf ki, mən bu müraciəti jurnalistlər vasitəsilə etməli oluram, çünki rəsmi şəxslər seminara gəlməyiblər və dialoq baş tutmayıb”.

XS
SM
MD
LG