Accessibility links

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələri üzrə yeni Yol xəritəsini açıqlayıb


Avropa İttifaqı hesab edir ki, Yol xəritəsi tərəfdaş ölkələrin demokratiyaya və bazar iqtisadiyyatına keçidini sürətləndirəcək

Avropa İttifaqı Avropa Komissiyasının qonşuluq siyasətinə illik qiymətini, həmçinin “Şərq Tərəfdaşlığı” ölkələrinin hər biri üzrə yeni Yol xəritəsini açıqlayıb.
Turan Agentliyinin məlumatına görə, bu sənədlər çərşənbə axşamı Brüsseldə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton, genişlənmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə Avropa komissarı Ştefan Fyule tərəfindən açıqlanıb.
“Əminəm ki, islahatların dəstəklənməsində monitorinq vasitəsi kimi Yol xəritəsi tərəfdaş ölkələrin demokratiyaya və bazar iqtisadiyyatına keçidini sürətləndirəcək. Tərəfdaş ölkələr islahatlarda nə qədər çox nəzərəçarpacaq irəliləyiş əldə etsələr, Aİ bir o qədər onları dəstəkləməyə hazır olacaq”, - o bildirib.
Aİ yardım proqramlarına yenidən baxaraq daha əlverişli edib. 2011-2012-ci illərdə Cənub və “Şərq Tərəfdaşlığı” ölkələri üçün daha EUR 1 mlrd. göndəriləcək. Avropa İnvestisiya Bankının kredit məhdudiyyətləri EUR 1,15 mlrd.-a qədər artıb, Avropa Yenidənqurma və İnkişaf Bankının cənub qonşuları üçün mandatı uğurla uzadılıb.
“Aİ islahatçıları dəstəkləməkdə davam edir və dəyişiklik prosesini əngəlləmək istəyənlərə qarşıdır. Təəssüf ki, bəzi ölkələrdə proses ləngiyir. Bizim tərəfdaşlarımız fundamental dəyərləri - söz azadlığı, məhkəmə hakimiyyətinin müstəqilliyi, gender bərabərliyi və korrupsiyaya qarşı mübarizəni təmin etməlidir”, - o vurğulayı

Avropa İttifaqının 2011-ci ilin yekunları üzrə hesabatında isə Azərbaycan hakimiyyətinə qarşı ciddi iradlar və tələblər irəli sürülüb.

Əsasən sənəddə deyilir: 2012-ci ildə Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planının həyata keçirilməsi məqsədilə Azərbaycana aşağıdakılar təklif olunur:
- Avropa Şurası Parlament Assambleyası ilə siyasi məhbuslar məsələsi üzrə tam əməkdaşlıq;
- 2011-ci ilin dekabrında qəbul olunmuş insan haqları proqramının tez zamanda həyata keçirilməsi;

- Azərbaycan və Ermənistan prezidentlərinin Minsk Qrupu çərçivəsində götürdüyü öhdəliklərə uyğun olaraq Madrid prinsipləri üzrə sazişin əldə olunması üçün Ermənistanla birgə səylərin canlandırılması;
- Aİ nümayəndələrinin Dağlıq Qarabağa və ətraf rayonlara şərtsiz girişinin təmin edilməsi;
- Bakı və ətraf rayonlarda evlərin sökülməsi, əhalinin zorla çıxarılması zamanı şəffaflığın təmin olunması;
- Böhtana və təhqirə görə cinayət məsuliyyətinin ləğvini nəzərdə tutan diffamasiya haqqında qanunun qəbulu;
- Seçkilər, toplaşma azadlığı, assosiasiya və KİV azadlığı haqqında qanunvericiliklərin beynəlxalq standartlara uyğunlaşdırılması və onun tam həyata keçirilməsi;
- məhkəmə sisteminin bütün aspektlərində islahatların canlandırılması;
- dövlət maliyyə vəsaitlərinin idarə olunmasında şəffaflığa dair qərarların qəbulu;
- korrupsiyaya qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilməsi.
Azərbaycan siyasi dialoq və islahatlar sahəsində aşağıdakıları etməlidir:
- dərin və davamlı demokratiyaya, o cümlədən seçki prosesinə nail olunması, insan hüquqlarının və əsas azadlıqların, məhkəmə sisteminin müstəqilliyinin qorunması üzrə gələcək səylərin göstərilməsi;
- martda və aprelin 2-də Bakıda dinc etiraz aksiyalarının amansızlıqla boğulması demokratikləşmə və insan hüquqlarına ciddi zərbədir, Aİ, AŞ və ATƏT qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməməsidir.
- Azərbaycan 2011-ci ilin əvvəllərində korrupsiyaya qarşı mübarizəyə başlayıb. Ölkə mütəşəkkil cinayətkarlıq, qanunsuz dövriyyə və pulların yuyulmasına qarşı mübarizədə irəliləyişə nail olub.
- 2011-ci ildə Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar nəzərəçarpacaq nəticələrə səbəb olmayıb. Təmas xətti boyunca gərginlik müşahidə olunub.
İqtisadi və sosial islahatlar sahəsində:
- Neft satışı ilə şərtlənən böhranaqədərki sürətli artım dövründən sonra 2011-ci ildə ÜDM-in real artımı demək olar ki, (+0,1%) dayanıb. Ərzaq qiymətlərinin yüksək artımı 2010-cu ildə 5,7%-lik inflyasiyanı 2011-ci ildə 8,1%-ə qaldırıb.
- İqtisadi enişə baxmayaraq, Fəaliyyət Planında nəzərdə tutulan müəyyən məqsədlərə nail olmaq üçün Azərbaycan uğurlu tərəqqi edib, yəni, makroiqtisadi sabitlik qorunub, yoxsulluq azalır. Bununla belə, qeyri-neft sektorunun inkişafı müstəqil şəkildə yox, dövlət xərcləri ilə şərtlənir. Enerjili struktur islahatları iqtisadi idarəetməni təkmilləşdirmək üçün zəruridir.
- İşsizlərin qeydə alınması 1%-ə qədərlik aşağı səviyyədə qalır, amma işsizliyin real səviyyəsi yuxarıdır (5,5%-ə yaxın).
-2010-cu il ilə müqayisədə Azərbaycandan Avropa Birliyinə ixrac 52,2%-ə qalxıb, Avropa Birliyindən Azərbaycana idxal 22%-ə çatıb. Azərbaycanın Avropa Birliyinə ixracının 99,5%-ni yanacaq və dağ-mədən sənayesi məhsulları təşkil edib.
- Azərbaycan ÜTT-yə üzv olmaq yolunda çox məhdud tərəqqiyə nail olub. Əsas əmək standartları üzrə konvensiyanın yerinə yetirilməsi üzrə əlavə tədbirlər görülməsi zərurətə çevrilir.
- Azərbaycan əmtəənin sərbəst hərəkət etməsində müəyyən tərəqqiyə nail olsa da biznes mühiti yaxşılaşmır.
Ədalət mühakiməsi, azadlıqlar və təhlükəsizlik sahəsində əməkdaşlıq:
- Azərbaycanda indiyə kimi inteqrasiya edilmiş idarəetmə sərhədləri haqda ətraflı, bitkin strategiya yoxdur.
- AB-nin miqrasiya məsələləri üzrə missiyası iyunda Azərbaycanda olub. Viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə danışıqlar 2012-ci ilin martında başlayıb.
- 2009-13-cü illər Milli Fəaliyyət Planının reallaşdırılması nəticəsində insan alverinə qarşı mübarizədə irəliləyiş qeydə alınıb. Çirkli pulların yuyulmasına gəlincə, Azərbaycan iyulda Eqmont qrupuna qoşulub. Narkotik üzrə AB-Azərbaycan dialoqu sentyabrda baş tutub.
Nəqliyyat, energetika, ətraf mühit:
- Azərbaycan yol infrastrukturunun yaxşılaşdırılmasına, dəmir yollarının modernləşdirilməsinə xüsusi diqqət yetirib və hökumətlərarası beynəlxalq dəmiryol nəqliyyatı yüklərinin daşınması Təşkilatı Konvensiyasına qoşula bilmək üçün ilkin addımlar atıb.

- Strateji enerji tərəfdaşlığı üzrə qarşılıqlı anlaşma haqqında Memorandum Azərbaycan və AB-ni Cənub qaz dəhlizi işlənməsi məqsədilə əməkdaşlığı fəallaşdırıb.
Avropa Komissiyasının rəhbəri Barrozu və Azərbaycanın dövlət başçısı İlham Əliyev bu dəhlizin yaradılması ilə bağlı birgə bəyannamə imzalayıblar.
- Azərbaycan və Türkiyə “Şahdəniz-2” yatağından qaz tranziti və satışı üzrə razılığa gəliblər ki, bu da Cənub qaz dəhlizi (CQD) məsələsinə əhəmiyyətli töhfədir.
AB, Azərbaycan və Türkmənistan Transxəzər qaz kəməri sisteminin işlənməsi üzrə danışıqlara başlayıblar ki, bu da Türkmənistandan CQD-yə əlavə daşımaları təmin edir.
Hesabatda həmçinin təhsil, mədəniyyət və ətraf mühit sahəsinə dair dəyərləndirmələr də yer alıb.

XS
SM
MD
LG