Accessibility links

Bakıda Avropalı gəzintisi olacaq


Təşkilatçılar bildirir ki, yürüşün təşkili üçün bütün universitetlər, aparıcı təşkilatlar, KİV-lər ilə əməkdaşlıq edilir.

Azərbaycan Avropa Hərəkatı (AAH) bu il 9 may gününü hər bir Avropa ölkəsində olduğu kimi qeyd etməyi planlaşdırıb. “Avropalı gəzintisi” adı altında keçiriləcək yürüş Bakıda Milli Park boyunca davam edəcək. Aksiya təşkilatçıları Bakı Şəhəri İcra Hakimiyyətinə yürüşün keçiriləcəyi yerlə bağlı xəbərdarlıq məktubu göndərib və yürüşün təhlükəsizliyinin təmin olunmasını xahiş edib.
“Aksiyanın əsas məqsədi düşüncə, yaş, cins, irq, din və siyasi mənsubiyyətindən asılı olmayaraq, hamımızın məhz avropalı olduğumuzu dünyaya çatdırmaq, cəmiyyətimizin müxtəlifliyi, Azərbaycan uğrunda birliyi, həmrəyliyi mesajını verməkdir”, deyə AAH-ın press-relizində deyilir.
Təşkilatçılar bildirir ki, yürüşün təşkili və yürüşdə iştirak etmək üçün bütün universitetlər, aparıcı ictimai və gənclər təşkilatları, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edilir. Artıq Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, Avropa ölkələrinin Azərbaycandakı səfirlikləri və digər beynəlxalq qurumlar, o cümlədən gənclər təşkilatları, yerli və xarici medianın dəstəyi əldə olunub. Bundan əlavə yürüşdə Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Avropa Birliyinə üzv ölkələrin dövlət bayraqları və Avropa Birliyinin, ATƏT, Avropa Şurasının bayraqları ucaldılacaq, havaya sülh rəmzi olaraq rəngli şarlar və göyərçinlər buraxılacaq.
Beynəlxalq Avropa Hərəkatı (BAH) 1948-ci idlə Üinston Çörçill və digər mütəfəkkirlər tərəfindən Avropa Birliyinin genişlənməsinə yardım etməklə yanaşı, ümumbəşəri dəyərlərin təbliği məqsədilə yaradılıb. BAH sülh, demokratiya, azadlıq, həmrəylik və insan hüquqlarına hörmət prinsipləri ilə Avropaya inteqrasiya prosesini təbliğ edir. Hazırda Beynəlxalq Avropa Hərəkatı 42 Avropa ölkəsində və 20bBeynəlxalq qurumda təmsil olunur.

XS
SM
MD
LG