Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da səfərdədir.
APA Agentliyinin məlumatına görə, ABŞ-ın bir neçə şəhərində şirkətin perspektiv layihələri ilə əlaqədar mühüm görüşlər keçirəcək nümayəndə heyətinin səfəri Texas ştatından başlayıb.
ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər Hyuston şəhərində neft mühəndisliyi istiqaməti üzrə bütün dünyada məşhur olan Texas A&M Universitetinin prorektoru Çad Vuttonla görüşüb. Görüşdə Bakı Ali Neft Məktəbinin yaradılması üçün ARDNŞ tərəfindən aparılan işlər müzakirə edilib, bu məqsədlə bütün dünyada tanınmış mühəndislik universitetlərinin təcrübəsi ilə tanış olub, mümkün əməkdaşlıq imkanlarının araşdırıldığı qeyd edilib.
Cənab Abdullayev ARDNŞ-ın ölkə xaricində, xüsusilə Avropada iri həcmli investisiya layihələri gerçəkləşdirdiyini vurğulayaraq, beynəlxalq bazarlarda özünə layiqli yer tutması üçün şirkətdə yüksək intellektual potensiala malik, müasir tələblərə cavab verən mütəxəssislərə ehtiyac duyulduğunu bildirib. Bakı Ali Neft Məktəbinin məhz bu məqsədə xidmət edəcəyini deyən ARDNŞ prezidenti bu sahədə mühəndis ixtisasları üzrə beynəlxalq nüfuz qazanmış universitetlərlə ortaq proqramlar həyata keçirilməsini qarşıda duran başlıca vəzifələrdən biri kimi qeyd edib. O bildirib ki, artıq 35 ildir Bakı ilə qardaşlaşmış şəhər olan Hyustonda yerləşən Texas A&M Universitetindəki neft mühəndisliyi fakültəsi ilə birgə fəaliyyət üçün böyük imkanlar yaranıb: “Biz Texas A&M Universitetinin standartlarını Bakıda tətbiq etmək istəyirik”.
Texas A&M Universitetinin prorektoru Ç.Vutton qeyd edib ki, Amerikanın ən yaxşı 10 universitetindən biri olan A&M Universitetində 370-dən artıq mühəndislik fakültəsi fəaliyyət göstərir və bu sahədə ARDNŞ ilə əməkdaşlıq üçün çoxsaylı imkanlar var. Görüşdə A&M Universitetinin nümayəndə heyətinin ARDNŞ-ın dəvəti ilə Bakıya səfər etməsi haqda ilkin razılıq əldə olunub.
Daha sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev Texas ştatının paytaxtı Ostin şəhərində ştatın qubernatoru Rik Perri ilə görüşüb. Görüşdə Bakıda ARDNŞ tərəfindən Ali Neft Məktəbi yaradılması haqqında Texas qubernatoruna məlumat verilib, bu sahədə A&M Universitetinin ARDNŞ ilə birgə fəaliyyətə cəlb olunması məsələsinin dəstəklənməsi xahiş olunub. Qubernator Perri ARDNŞ rəhbərliyinin təkliflərinə tam dəstək veriləcəyini deyib.
ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər Hyuston şəhərində neft mühəndisliyi istiqaməti üzrə bütün dünyada məşhur olan Texas A&M Universitetinin prorektoru Çad Vuttonla görüşüb.