İyunun 5-də “Bakı Ekspo” mərkəzində 19-cu Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi-konfransı və 2-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisi açılacaq. ABŞ dövlət katibi Hillari Klinton da Bakıya səfəri çərçivəsində iyunun 6-da sərgi-konfransa qatılacaq.
“İTE Qrup” şirkətinin Xəzər üzrə regional direktoru Edvard Stroon bildirib ki, hər il Bakıda keçirilən sərgi-konfransda bu il 35 ölkədən 304 şirkətin iştirak edəcək Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilionlar əvvəlcədən sifariş olunub. Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artıb. İlk dəfə olaraq bu il sərgidə Vyetnam şirkətləri də iştirak edir.
Onun sözlərinə görə, sərginin 40 faizini dünya şöhrətli şirkətlər tutur. Ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılıb. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulub.
“əsas fakt ondan ibarətdir ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlərin stendləri təşkil edəcək. Bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir. Sərgi sahəsinin və iştirak edəcək şirkətlərin sayının artması Azərbaycanın neft və qaz sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir”, - deyə o qeyd edib.
Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisinin işgüzar proqramı çərçivəsində iyunun 6-7-də “Hilton Bakı” mehmanxanasında keçiriləcək “Xəzər regionunun qızıl dövrü” mövzusundakı konfransın meneceri Nigar Muradxanlı deyib ki, sərginin ikinci günü işinə başlayacaq konfransda 550 nümayəndə iştirak edəcək. Konfrans iştirakçıları arasında ARDNŞ, “bp”, “RWE”, “TPAO” və “OMV” kimi tanınmış şirkətlərin rəhbərləri, ABŞ Dövlət Departamentinin nümayəndəsi Daniel Stenli, Avropa İttifaqının Bakı ofisinin rəhbəri Rolan Kobianın, İtaliya, Yunanıstan, Türkiyə və başqa dövlətlərin nazirlərinin iştirakı gözlənilər. Konfransda neftin və qazın müasir texnologiyalar əsasında emalı, daşınması, neftayırma, eləcə də ekologiya məsələlərinə dair məruzələr dinləniləcək və müzakirələr aparılacaqdır.