Accessibility links

Prezident İlham Əliyev Türkiyədə səfərdədir


Prezident İlham Əliyev Türkiyədə səfərdədir
Prezident İlham Əliyev Türkiyədə səfərdədir

Cənab Ərdoğan bildirib ki, Türkiyə Qarabağda işğal bitənə qədər Azərbaycanla çiyin-çiyinə mübarizə aparmağa davam edəcək.

Oktyabrın 25-də prezident İlham Əliyev 25-də Türkiyəyə ikigünlük səfərə gedib. Prezident Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyənin İzmir vilayətinin Əliağa rayonu ərazisində Petkim-in ortaqları olan ARDNŞ və Turcas-in birgə inşa edəcəyi neft-kimya müəssisəsinin təməlqoyma mərasimində iştirak edib.

APA Agentliyinin məlumatına görə, tikiləcək Ege Neft Emalı Zavodunun (Star Rafinerisi) inşası təqribən 5 mlrd. dollara başa gələcək. İllik emal gücü 10 mln. ton olan zavodda əsasən Petkim-in tələbatı olduğu məhsullar istehsal ediləcək. Yeni zavodun tikintisi zəruri olan kimya xammalının idxalını 30% azaldacaq, Türkiyə və regionun neft məhsulları bazarına çıxmaq imkanları yaradacaq. Zavodun ilk qurğularının tikintinin başlanmasından 3 il sonra işə salınması nəzərdə tutulur.
Bundan başqa, bölgədəki dəniz limanına 350 mln. dollar investisiya yatırılması planlaşdırılır ki, bununla da liman bölgənin ən böyük logistik obyektinə çevriləcək. Ümumilikdə, 2015-ci ilədək ARDNŞ-in Petkim strukturlarına yatırdığı investisiyaların həcmi 6 mlrd. dolları keçəcək.
2015-ci ildən sonra isə ARDNŞ-in Petkim-ə yatırımlarının 2-ci mərhələsi başlayacaq. Bu işlər çərçivəsində şirkətin neft-kimya məhsullarının istehsalı həcmi ildə 3 mln. tondan 6 mln. tona, şirkətin satış həcmi isə həmin müddətdə 20 mlrd. dollara çatdırılacaq.
Buna paralel olaraq enerji sektoruna da investisiya yatırılacaq və bunun hesabına 2020-ci ilə qədər qurumun 1 000 MVt enerji istehsalı gücü yaradılacaq. Bütün bunlar nəticəsində ARDNŞ Türkiyənin sənaye sektorunda ən böyük investora çevriləcək.
APA bildidir ki, investisiyaların növbəti mərhələsi 2040-cı ilədək planlaşdırılıb. Bu işlər nəticəsində həmin vaxt Türkiyə və Azərbaycan neft emalı və neft-kimya məhsulları istehsalı sahəsində dünyanın ən mühüm oyunçularından birinə çevriləcək.

Təməlqoyma mərasimində Azərbaycan prezidenti və Türkiyə baş naziri çıxış edib.

Azərbaycan prezidenti Türkiyədə baş verən zəlzələyə görə baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Dövlət başçısı deyib ki, Van bölgəsində zəlzələ baş verməsi barədə xəbəri eşidən kimi Azərbaycan hökuməti yardım etməyi özünə borc bilib: “Hökumətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının da zəlzələ bölgəsinə yardım göstərməyə hazır olması bizi sevindirir. Biz bir millət iki dövlətik”.
Prezident Əliyev Türkiyənin Petkim şirkətinin özəlləşdirilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifini qəbul etməsini müsbət dəyərləndirib. “Biz də buraya hər zaman investisiya qoymaqdan, onu böyütməkdə çox məmnunuq. Bu gün burada neft-kimya müəssisəsinin, eləcə də Heydər Əliyev adına Texniki Peşə Məktəbinin təməlinin qoyulması bizi çox sevindirir. Biz iki böyük liderin - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin əsasını qoyduğu doğru yolla gedirik. Bu yol bizi uğurlu gələcəyə aparacaq”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin Türkiyədə yüksək səviyyədə qeyd olunduğunu deyib. “Türkiyə-Azərbaycan əlaqələri bu iyirmi ildə çox böyük inkişaf yolu keçib. Biz bunu daha da möhkəmləndirəcəyik”.
O, dünyada Türkiyə-Azərbaycan dostluğuna misal göstəriləcək başqa nümunə olmadığını vurğulayıb.
Baş nazir deyib ki, qoyulan investisiya nəticəsində inşa olunacaq müəssisənin inşaat işlərində 10 min nəfər, fəaliyyətə başlayacaq müəssisədə isə 1000 nəfər çalışacaq. “Azərbaycan indiyə kimi Türkiyədə enerji, iqtisadiyyat sahəsində investisiyalar qoyub. Burada təməli qoyulacaq Heydər Əliyev adına Texniki Peşə Məktəbi isə Azərbaycanın Türkiyədə təhsil sahəsində qoyduğu ilk investisiyadır, biz bunu çox yüksək qiymətləndiririk. Çünki burda yetişəcək kadrlar bu müəssisələrdə çalışacaqlar, bu da bizi çox sevindirir”.
Cənab Ərdoğan çıxışında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi münasibətilə prezident İlham Əliyevi təbrik edib.

Türkiyə baş naziri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı da fikrini bildirib.

APA Agentliyinin məlumatına görə, baş nazir Türkiyənin sonadək Azərbaycanla birgə mübarizə aparacağını bəyan edib. “Qarabağdakı işğal mənim azəri qardaşlarımın ürəyini nə qədər dağlayırsa, bilin ki, hər Türkiyə vətəndaşının ürəyini də o qədər dağlayır. Terror hücumları nəticəsində şəhid olan hər bir gəncimizin acısı bizim ürəyimizi ağrıtdığı kimi, inanıram ki, azəri qardaşlarımın da ürəyini ağrıdır. Biz “bir millət, iki dövlət” olduğumuz qədər, həm də bir ürəyik”.

Cənab Ərdoğan bəyan edib ki, Türkiyə Qarabağda işğal bitənə qədər Azərbaycanla çiyin-çiyinə mübarizə aparmağa davam edəcək: “Terrorla mübarizəmizdə səmimi dəstəyinə görə dost, qardaş Azərbaycana təşəkkür edirik”.

Turan Agentliyi isə bildirir ki, prezident Əliyev və baş nazir Ərdoğan ötən il Azərbaycanla Türkiyə arasında yaradılan Strateji Əməkdaşlıq Şurasının ilk iclasında iştirak edəcək.

XS
SM
MD
LG