Accessibility links

İlham Şaban: Şahdəniz qazı Türkiyənin təsir imkanlarını qat-qat artıracaq


İlham Şaban: Şahdəniz qazı Türkiyənin təsir imkanlarını qat-qat artıracaq
İlham Şaban: Şahdəniz qazı Türkiyənin təsir imkanlarını qat-qat artıracaq

Neft Araşdırmaları Mərkəzinin rəhbərinin fikrincə, Azərbaycan tranzit qiymətlərinin investisiyaların qaytarılmasına imkan verəcək dərəcədə olmasını istəyir. Türkiyə ildə 300 milyon dollaradək tranzit haqqı alsa da, böyük siyasi divident qazanır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsi radiosuna müsahibəsində Şahdəniz qazının Türkiyə ərazisindən daşınması ilə bağlı aparılan danışıqların avqustun 26-da İstanbulda davam etdiriləcəyini bildirib. Burada, Azərbaycan tranzit qiymətlərinin investisiyaların qaytarılmasına imkan verəcək dərəcədə olmasını istəyir. Türkiyə isə ildə 300 milyon dollaradək tranzit haqqı alsa da, böyük siyasi divident qazanır.

Sual: Azərbaycan qazının Türkiyədən tranziti ilə bağlı danışıqlar nə yerdədir?

Cavab: Hazırda, hələ ki, pat vəziyyətidir. Ona görə ki, yay aylarında faktiki danışıq aparılmayıb. Danışıqlar avqustun 26-da İstanbulda bərpa ediləcək. Bundan öncə isə, bu ilin mayında Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında danışıqlar olmuşdu və hər hansı razılıq əldə edilməmişdi.

Sual: Azərbaycanı hansı şərtlər təmin edir?

Cavab: Siyasi rəhbərliklərin göstərişi ilə danışıqlarda canlanma ola bilər. Amma, danışıqların başa çatması və kommersiya sazişləri üçün bu, yetərli deyil. Çünki, müzakirələr təsərrüfat subyektlərinin səlahiyyətinə daxil olan məsələləri əhatə edir. Hazırda maraqlı bir prosesi də müşahidə edirik. Cəmi iki il öncə, 2009-cu ildə Ukrayna Rusiya ilə belə saziş imzalayıb. İndi, həmin sazişə görə Ukraynanın baş nazirini həbs ediblər. Məhz, bu səbəblərdən də Türkiyə ən kiçik detallara qədər məsələləri diqqətlə öyrənir.

Sual: Tərəflərin maraqları və təklifləri nədir?

Cavab: Hər bir tərəfin marağı, milli maraqlarından doğur. Bir millət, iki dövlət olsaq da, hər bir dövlətin öz milli maraqları var. Azərbaycanın maraqlarını dövlət başçısı dəfələrlə yüksək kürsüdən elan edib. Bu, ilk növbədə Azərbaycanın və Şahdəniz iştirakçılarının kommersiya maraqlarıdır. Onlar qazın çıxarılması və nəqli üçün 20-22 milyard dollar vəsait sərf edəcək. Nəzərə alsaq ki, Şahdəniz-2 layihəsində hasilat da düz 20 il müddətinə biləcək. Bu isə, hər il azı 1 milyard dollar kapital qoyuluşu deməkdir. Vəsaitin geri qaytarılması üçün böyük risk tələb olunur. Bunun üçün qarant lazımdır. Qarantı isə dövlətlə biznesin vəhdəti təmin etməlidir. Bu vəhdət 2036-cı ilədək qazın çıxarılıb, dünya bazarında satılıb, gəlirin bölüşdürülməsini təmin etməlidir.

Qazın gəlirlərini neft gəlirləri kimi təsəvvür etmək olmaz. Məsələn, 2010-cu ilin nəticələrinə görə Azərbaycan Azəri-Çıraq-Günəşli yatağından 16 milyard dollar mənfəət nefti götürüb. Bu yalnız Neft Fonduna daxil olan mənfəətdir. Burada, ARDNŞ-nin gəlirlərindən söhbət getmir. Yəni, Şahdəniz qazının mənfəəti bundan qat-qat az olacaq. Ən yaxşı halda ildə 4 milyard dollar səviyyəsinə çatacaq.

Sual: Türkiyənin maraqları nədir? Əsas mübahisə nəyin üzərində gedir?

Cavab: Birincisi, Türkiyə ilk dəfə olaraq qaz tranziti ölkəsinə çevrilir. Türkiyə həmçinin, siyasi mahiyyəti qat-qat iqtisadi mahiyyətindən böyük olan layihəni reallaşdıracaq. Bu ölkənin ərazisindən ildə 10 milyard kub metr qaz keçəcək. Bunun müqabilində isə Avropa qiymətləri ilə hesablayanda qazancı ildə cəmi 250-300 milyon dollar olur. Bu Türkiyə kimi böyük dövlət üçün çox kiçik rəqəmdir. Ancaq, Türkiyənin siyasi dividentləri və təsir imkanları qat-qat artacaq.

XS
SM
MD
LG