Accessibility links

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib


ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib
ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib

Cənab Fasye bu gün Bakıda mətbuat konfransı keçirib. O hesab edir ki, Qarabağ münaqişəsi kimi münaqişələri tərəflərin istəyi və güzəştlərə hazırlığı olmadan, BMT TŞ-nin qətnaməsi ilə həll etmək mümkün deyil.

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri vəzifəsində missiyasını başa vuran Bernar Fasye Bakıda mətbuat konfransı keçirərək, Qarabağ nizamlanması üzrə vasitəçilik missiyasında 7 illik işinin yekunlarından danışıb.

O hesab edir ki, sözügedən dövr ərzində sıçrayış əldə olunmasa da, sülh prosesində müəyyən irəliləyiş var. Ən əsası genişmiqyaslı hərbi əməliyyatların bərpasından qaçmaq mümkün olub.

Cənab Fasye 2007-ci ilin sonlarında “Madrid prinsipləri” kimi tanınan “Təməl həll prinsipləri adlı” sənədin hazırlanmasını daha bir nailiyyət hesab edir. Bu zaman o, 2007-ci ilə qədər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə fəaliyyət planı olmadığına diqqət çəkib.

2010-cu ilin əvvəllərində həmsədrlər “Madrid” prinsiplərinin yenilənmiş variantını hazırlayıb, son il yarım ərzində onlar ətrafında intensiv müzakirələr aparılıb. Lakin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bu ilin iyununda Kazan görüşündə sıçrayış olacağına dair ümidlər doğrulmadı.

Bununla belə, o gələcəyə nikbinliklə baxır. Tərəflər başa düşmürlər ki, münaqişə nə qədər davam etsə, onu nizamlamaq o qədər çətin olacaq. Bu zaman o, 60 il davam edən Yaxın Şərq böhranını misal çəkib.

Cənab Fasye missiyasının nailiyyətləri kimi həmsədrlərin iki dəfə - 2005-ci ilin fevralında və 2010-cu ilin oktyabrında Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərə baş çəkməsini qeyd edib. İkinci dəfə səfər BMT-nin Qaçqınları üzrə Ali Komissarlığının iki nümayəndəsinin müşayiəti ilə baş tutub. “Son il yarımda həmsədrlər beş dəfə cəbhə xəttini keçib, bu da 1994-cü ildən 2010-cu ilədək olduğundan daha çoxdur”.

Cənab Fasye son üç il ərzində “Böyük səkkizliyin” sammitləri zamanı həmsədr ölkələrin prezidentlərinin birgə bəyanatlarını müsbət qiymətləndirib.

O vətəndaş cəmiyyətlərini, jurnalistləri, din xadimlərini, ziyalıları sülh sazişi əldə etməyə imkan verən mühit formalaşdırılmasına şərait yaratmağa çağırıb. “Qarabağ münaqişəsi kimi münaqişələri tərəflərin istəyi və güzəştlərə hazırlığı olmadan, BMT TŞ-nin qətnaməsi ilə həll etmək mümkün deyil. Əks halda İsrail-Fələstin problemi çoxdan həll olunardı”.

Missiyasını başa vurarkən diplomat tərəfləri atəşkəs rejiminə riayət etməyə və möhkəmləndirməyə çağırıb. Daha sonra o, münaqişə tərəflərini “sülh riskini” öz üzərinə götürməyə çağıran Fransa prezidenti Nikolya Sarkozidən sitat gətirib.

Eyni zamanda, cənab Fasye Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nə zaman keçiriləcəyi barədə suala cavab verməkdə çətinlik çəkib.

Fransalı həmsədr bu gün Azərbaycan prezidenti və xarici işlər naziri, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri ilə vida görüşləri keçirib, habelə Şəhidlər Xiyabanını ziyarət edib.

Fransalı həmsədr vəzifəsində cənab Fasyeni Jak For əvəz edib.

XS
SM
MD
LG