Fransa parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanunu qəbul edib. Səsvermədə Fransa Parlamentinin 577 deputatından 45-i iştirak edib. 45 deputatın isə 38-i sənədin lehinə, 7-i əleyhinə səs verib.
Bu ilin dekabrında Fransa parlamentində çoxluq təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsini təqdim edib. Yeni qanun qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cərimə nəzərdə tutur.
APA Agentliyinin məlumatına görə, Milli Assambleyada Fransa-Türkiyə dostluq qrupunun sədri, hakim partiyanın üzvü Mişel Diefenbaker açıq olaraq erməni məsələsinin hər zaman seçkilər ərəfəsinə təsadüf etdiyini, bunun sadəcə siyasi spekulyasiya olduğunu bildirib və tarixi tarixçilərə buraxmağı tövsiyə edib.
Anandolu Agentliyinin məlumatına görə, bu gün Fransada 5 mindən çox türk Fransa parlamentinin qərarına qarşı etiraz aksiyaları keçirib. Etirazçılar “Tarixi tarixçilər yazar, siyasətçilər yox!”, “Fikir azadlığına qəsb etməyin!”, “Tarixi mübahisə, siyasi mübahisə olmamalıdır!” şüarları qaldırıb.
Bakıda Fransa səfirliyinin qarşısında da etiraz aksiyası olub. Beynəlxalq Diaspor Mərkəzi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvləri “Fransa parlamenti, ədalətli ol!”, "İnsan haqlarına hörmətlə yanaş!", “Saxta "erməni soyqırımı"nı tanımaqdan əl çək, Fransa!", "Yaşasın Türkiyə!", "Dayan, Fransa!" kimi şüarlar səsləndirib. Aksiyanın qətnaməsində Xocalıda baş vermiş soyqırıma ədalətli qiymət verilməsi, Fransanın Dağlıq Qarabağ probleminin həllində Ermənistanı dəstəklədiyi qeyd olunub.
Azərbaycan Xarici İşlər Nazirliyi də Fransa parlamentinin qərarını təəssüflə qarşılayıb. “Təəssüflər olsun ki, bir qrup deputat erməni icmasının əlində alətə çevrilib. ATƏT-in Minsk Qrupunun üzvü və vasitəçi ölkə olan Fransanın deputatları tarixçilərin müzakirə etməli olduğu məsələni deyil, 19 il bundan öncə baş vermiş Xocalı soyqırımını müzakirə etməlidir. Ədalətli vasitəçiliyə iddia edən ölkənin deputatlarının Xocalı soyqırımına ədalətli rəy vermələrini gözləyirik”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abbasov Amerikanın Səsi radiosuna bildirib.