Bu gün Vilnyusda ATƏT ölkələri Xarici İşlər Nazirlərinin iclası açılıb. İclasda dəfələrlə Qarabağ münaqişəsindən söz açılıb.
Turan Agentliyinin məlumatına görə, forumda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, ATƏT regionunda bəzi münaqişələr tənzimlənməmiş qalmaqdadır ki, bu da təşkilata qarşı etibarı sarsıdır. “Dağlıq Qarabağ nizamlanması üzrə danışıqlar gözlənilən nəticələri verməyib. Buna görə ATƏT-in Minsk qrupun işini fəallaşdırmaq lazımdır”, - deyə o qeyd edib.
ABŞ Dövlət Katibi Hillari Klinton ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin, habelə Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinin dinc yolla həllini tapmağa sadiq olduqlarını təsdiq edib. O, çıxışında qeyd edib ki, prezidentlər Obama, Medvedev və Sarkozi Dovildə bildiriblər ki, təkcə sülh danışıqları sülhə, sabitliyə və razılığa gətirib çıxara bilər.
Dövlət katibi ATƏT-ə üzv olan bütün ölkələri ümumi təhlükəsizlik konsepsiyası yolundan kənara çıxmamağa çağırıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ATƏT-in Minsk qrupunun üç həmsədrinin nəzarəti altında kifayət qədər intensiv davam edir. O, münaqişə tərəflərini son iki ildə prezident Medvedevin vasitəçiliyi ilə işlənib hazırlanmış təkliflərdən istifadə etməyə çağırıb. “Bu təkliflər Rusiya, ABŞ və Fransa liderlərinin bu ilin may ayında Dovildə qəbul etdikləri birgə bəyanatda dəstəklənib”, - deyə cənab Lavrov xatırladıb.
İclasın yekunlarına görə, həmsədr ölkələrin - ABŞ, Fransav və Rusiya xarici işlər nazirləri, habelə Ermənistan və Azərbaycanın xaeici işlər nazirləri birgə bəyanat qəbul edib. Sənəddə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağın vacibliyi ifadə olunub.
2008-ci ilin noyabrında qəbul edilmiş Moskva bəyannaməsinə, habelə ATƏT Nazirlər Şurasının 2009-cu ildə Helsinkidə keçirilmiş Şurasının bəyanatına və Astana (2010) sammitinə istinad edən beş ölkə nazirləri mühitin yaxşılaşdırılması və sülh yolu ilə həllə doğru irəliləmək üçün danışıqların ATƏT-in Minsk Qrupu formatında davam etdirilməsi zərurətini təsdiq edib.
Bu istiqamətdə addımlardan biri kimi tərəflər 2011-ci ilin martında Soçidə prezidentlər Əliyev, Sarkisyan və Medvedevin birgə bəyanatında qeyd edildiyi kimi, atəşkəs rejiminin pozulmasının səbəblərinin araşdırılması üzrə səyləri davam etdirmək razılığı əldə edib.
Prezidentlərin Dovildə qəbul edilmiş bəyanatları Ermənistan və Azərbaycanı Qarabağ tənzimlənməsi üzrə Təməl Prinsiplərin razılaşdırılmasını yekunlaşdırmağa çağırıb. Lakin, təəssüf ki, tərəflər bu həlledici addımı ata bilmədilər. “Üç nümayəndə heyətinin rəhbərləri təsdiq edirlər ki, Qarabağ münaqişəsi hərbi yolla həll oluna bilməz və BMT Xartiyası, Helsinki Yekun Aktının prinsipləri və prezidentlərin 2009-cu ilin iyulunda Akvildə və 2010-cu ilin iyununda Muskokda qəbul etdikləri birgə bəyanatlarda ifadə olunmuş elementlər bütün tərəflərə qəbuledilməz status-kvodan kənarlaşmaq və sülh yolu ilə həllə nail olmaq yolunu təklif edir”, - deyə bəyanatda qeyd edilib.
2007-ci ildən keçirilən intensiv danışıqlar fonunda üç nümayəndə heyətinin rəhbərləri tərəfləri Minsk qrupunun onlara təqdim etdiyi təkliflərə diqqətlə baxmağa çağırır.
Ermənistan və Azərbaycan xarici işlər nazirləri həmsədr ölkələrin səylərini, o cümlədən prezident Medvedev, Obama və Sarkozinin uzunmüddətli sülh əldə olunması üzrə fərdi töhfələrini qiymətləndirir və iki ölkə prezidentlərinin dialoqunun davam etdirilməsi, sülh və sabitliyə nail olmaq üçün yaxın gələcəkdə həmsədr ölkələrin vasitəçiliyi ilə bir daha görüşməyə hazır olduqlarını təsdiq edib.
Xatıraladaq ki, ATƏT məkanında uzanan münaqişələr hərbi sahədə və təhlükəsizlik sahəsində etimadın möhkəmləndirilməsi tədbirləri ilə birlikdə sammitdə müzakirə olunan əsas mövzulardan biridir.