Jurnalistləri Müdafiə Komitəsi (CPJ) azərbaycanlı jurnalistlər Nurlan Qəhrəmanlı və Fatimə Mövlamlının həbslərini pisləyib, Azərbaycan hakimiyyətini onları və həbsdə olan digər jurnalistləri azad etməyə çağırıb.
Təşkilat martın 4-də yaydığı bəyanatında qeyd edib ki, son həbslər hakimiyyətin əsl məqsədinin ölkə daxilində müstəqil medianın işini tamamilə boğmaq olduğunu aydın şəkildə göstərir.
“Azərbaycanda mediaya misli görünməmiş təzyiqlər fonunda son həbslər həmişəkindən daha aydın göstərir ki, hakimiyyətin əsl məqsədi ölkə daxilində müstəqil medianın işini tamamilə boğmaqdır”, CPJ-nin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Gülnoza Said deyib.
Libre təxəllüsü ilə tanın Nurlan Qəhrəmanlı fevralın 20-də “Meydan TV işi” çərçivəsində saxlanılıb. Növbəti gün Bakı şəhəri Xətai Rayon Məhkəməsi qaçaqmalçılıqda ittiham olunan jurnalist barəsində 1.5 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Fevralın 28-də saxlanılan jurnalist Fatimə Mövlamlı barəsində də martın 1-də Xətai Rayon Məhkəməsində eyni ittihamla 1 ay 9 günlük həbs qətimkan tədbiri çıxarılıb.
Qəhrəmanlı və Mövlamlı “Meydan TV işi” üzrə həbs edilən müvafiq olaraq doqquzuncu və onuncu jurnalistlərdir.
“Azərbaycan hakimiyyəti Nurlan Qəhrəmanlını və Fatimə Mövlamlını, eləcə də hazırda açıq-aşkar qisas xarakterli ittihamlarla həbsdə olan iyirmiyə yaxın digər jurnalisti dərhal azad etməlidir”, Gülnoza Said əlavə edib.
2023-cü ilin sonlarından başlayan jurnalist həbsləri fonunda ötən ilin dekabrında “Meydan TV” jurnalistlərinə qarşı cinayət işi açılıb.
Dekabrın 6-da xəbər saytının Bakıdakı heyəti, o cümlədən baş redaktor Aynur Elgünəş (Qənbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko və media əməkdaşı Ülvi Tahirov saxlanılıb. Onlar barəsində “qaçaqmalçılıq” ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni və onların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Eyni iş üzrə və eyni ittihamla bu ilin fevral ayında isə “Arqument.az” xəbər saytının rəhbəri Şəmşad Ağa həbs edilib.
Hüquq müdafiə təşkilatlarının “misligörünməmiş repressiya” kimi xarakterizə etdiyi təzyiqlər çərçivəsində 2023-cü ilin sonralarından bəri 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.
Ancaq yerli hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 350-dən çox siyasi məhbusun olduğunu qeyd edirlər.
Forum