Jurnalistləri Müdafiə Komitəsi (CPJ) “Kanal 13” internet teleziyasının təsisçisi və icraçı direktoru Əziz Orucovun 2 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyib.
Jurnalist fevralın 26-da Bakı şəhəri Səbaril Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 188.2-ci maddəsi (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) üzrə təqsirli bilinərək azadlıqdan məhrum edilib.
“Onlarla jurnalistin həbs olunduğu görünməmiş təzyiqlər fonunda Azərbaycan hakimiyyətinin qeydiyyatsız torpaqlarda yaşayan minlərlə azərbaycanlı arasından Əziz Orucovu şübhəli qeyri-qanuni tikinti ittihamları ilə həbsə atması son dərəcədə sinik addımdır”, CPJ-nin proqram direktoru Karlos Martinez de la Serna deyib.
Orucovun vəkili Bəhruz Bayramov CPJ-yə bildirib ki, torpaq sahəsi jurnalistin adına rəsmi qeydiyyata alınmasa da, Bakı və onun ətrafında yarım milyona yaxın belə ev var və hakimiyyət Orucovdan başqa heç kimi bu cinayətə görə həbs etməyib.
Vəkil əlavə edib ki, Orucovun həbsinin hakimiyyətin dəfələrlə belə binaların leqallaşdırılması ilə bağlı planlarını bəyan etməsi fonunda baş verməsi məhkəmə təqibinin qisas məqsədli olduğunu göstərir.
“Hakimiyyət Orucovu dərhal azad etməli və jurnalistləri işlərinə görə həbsə atmağa son qoymalıdır”, Karlos Martinez de la Serna vurğulayıb.
Jurnalistləri Müdafiə Komitəsi “Kanal 13”-ün azərbaycandilli “Youtube” kanalında 500 minədək abunəçisinin olduğunu, mütəmadi olaraq insan hüquqları pozuntuları kimi həssas məsələləri işıqlandırdığını və müxalif fikirlərə yer verdiyini qeyd edib.
Əziz Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti ittihamı ilə saxlanılıb. Onun həbsi Azərbaycanda jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı həbslərin yeni dalğasının başlamasına təsadüf edib.
Həmin il dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.
Sonradan Orucovun işinə “qaçaqmalçılıq” ittihamı əlavə edilib və “Kanal 13”-ün əməkdaşı Şamo Eminov da həbs edilib.
Ötən ilin dekabrında ibtidai istintaqın nəticəsinə əsasən, Orucovun üzərindən “qaçaqmalçılıq” ittihamı götürülüb. Jurnalist Şamo Eminov isə dekabrın 29-u ibtidai istintaqın və həbs qətimkan müddətinin bitdiyinə görə azadlığa buraxılıb.
Jurnalistləri Müdafiə Komitəsinin 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasındadır. Təşkilat qeyd edir ki, hazırda ölkədə ən azı 24 jurnalist fəaliyyətlərinə görə həbsdədir.
Azərbaycanda jurnalistlərə qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı hökumət tənqidçilərinə qarşı cinayət işlərinin siyasi motivli olmasına dair ittihamların “kökündən yanlış və qəbuledilməz” olduğunu, bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu vurğulayır.
Forum