Dekabrın 29-da “Kanal 13” İnternet Televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminov istintaq orqanı tərəfindən sərbəst buraxılıb.
Vəkil Elçin Sadıqov Şamo Eminovun həbsdən azad edilməsi barədə danışarkən Amerikanın Səsinə deyib ki, istintaqın və həbsdə qalmanın müddəti başa çatdığına görə Şamo Eminov sərbəst buraxılıb.
“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov ötən ilin dekabrında həbs olunub və barəsində qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.
Ondan öncə “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb.
Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham elan olunub.
İbtidai istintaqın nəticəsinə əsasən Əziz Orucova qarşı irəli sürülən Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsi üzrə ittiham götürülüb.
Onun barəsindəki cinayət işi Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi ilə Səbail Rayon Məhkəməsinə göndərilib.
Ötən il dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.
Hər iki jurnalist ittihamı qəbul emtəyib və həbsdə saxlanılmasını əsassız hesab edir.
Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.
Azərbaycan rəsmiləri isə bu cür çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edib.
Forum