Martın 1-də Xətai Rayon Məhkəməsində jurnalist Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalist bir gün öncə “Meydan TV” işi üzrə saxlanılmışdı.
Məhkəmə istintaq orqanının təqdimatı əsasında Mövlamlı barəsində 1 ay 9 gün həbs qərarı verib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham edilir.
Məhkəmədə ittiham tərəfi bildirib ki, Mövlamlının evindən axtarış zamanı döşəyin altından 13,500 avro dəyərində pul vəsaiti tapılıb. Jurnalist isə bu pulun ona aid olmadığını və polislərin pulu evə yerləşdirdiyini deyib.
Mövlamlının anası Vüsalə Mövlamova Amerikanın Səsinə bildirib ki, qızı ilə saxlanıldıqdan sonra yalnız bir dəfə telefonla danışa bilib və məhkəməyə gətirilərkən uzaqdan görə bilib. Mövlamlının saxlanma şəraiti ilə bağlı şikayəti olmayıb.
“Bir qurum ki, evə yalandan pul qoyur və olmayan şeyə görə qandallayıb evdən aparır, onlardan ədalətli heç nə gözləyə bilmərəm, ümidim yalnız Allahadır”, Mövlamova qeyd edib.
Mövlamlı “Meydan TV” işi ilə əlaqədar saxlanılan 10-cu jurnalistdir. Ötən ilin dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, müstəqil jurnalist Ramin Deko və media əməkdaşı Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Jurnalistlər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. Bu ilin fevral ayında isə jurnalistlər Şəmşad Ağa və Nurlan Qəhrəmanlı (Libre) eyni ittihamla və eyni iş üzrə həbs olunublar.
“Meydan TV” jurnalistlərin saxlanılmasının və dindirilməsinin qeyri-qanuni və onların peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib.
Azərbaycanda 2023-cü ilin sonralarından başlayaraq 20-dən çox jurnalist və media əməkdaşı həbs edilib. Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) 2024-cü il üzrə hesabatında Azərbaycan jurnalistlərin ən çox həbs edildiyi ölkələr sırasında yer alıb.
Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları, o cümlədən CPJ hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edir.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib. Ancaq yerli hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 350-dən çox siyasi məhbusun olduğunu qeyd edirlər.
Forum