Accessibility links

 
Beynəlxalq jurnalist federasiyaları hökumətin tənqidi mediaya qarşı “qəddar siyasətini” pisləyir

Beynəlxalq jurnalist federasiyaları hökumətin tənqidi mediaya qarşı “qəddar siyasətini” pisləyir


Arxiv fotosu: Həbsdə olan “Abzas Media” jurnalistləri
Arxiv fotosu: Həbsdə olan “Abzas Media” jurnalistləri

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Avropa Jurnalistlər Federasiyası (EFJ) Azərbaycan hökumətinin tənqidi mediaya qarşı “qəddar siyasətini” pisləyən bəyanat yayıblar.

Fevralın 26-da yayılan birgə bəyanatda qeyd edilir ki, Azərbaycan hökuməti daha çox jurnalisti həbs edərək və hökumətlə razılaşmayan media qurumlarının rahat işləyə bilməyəcəyi bir mühit yaradaraq repressiyaları davam etdirir.

Federasiyalar son həftələrdə daha bir neçə jurnalistin həbsi və BBC-nin Bakıdakı ofisinin bağlanması ilə repressiyaların yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

“Biz ölkədə fəaliyyət göstərən müstəqil jurnalistləri və tənqidi səsləri susdurmağa və daha da məhdudlaşdırmağa yönəlmiş repressiya dalğasının şahidi oluruq. Azərbaycan hakimiyyəti media işçilərini hədəf almağı dayandırmalı və ədalətsiz şəkildə həbs edilmiş bütün jurnalistləri dərhal azad etməlidir”, IFJ-nin Baş katibi Antoni Belanje deyib.

Bəyanatda bildirilir ki, fevralın 21-də Nurlan Libre təxəllüsü ilə tanınan Nurlan Qəhrəmanlı “Meydan TV”-yə qarşı saxta qaçaqmalçılıq işi çərçivəsində 1.5 ay məhkəməyəqədər həbsə məhkum edilib.

Bundan əvvəl isə fevralın 4-də “Arqument.az” xəbər saytının redaktoru Şəmşad Ağanın da “Meydan TV işi” üzrə həbs edildiyi, onun evində aparılan axtarış zamanı avadanlıqlarının, o cümlədən kompüteri və köhnə mobil telefonunun götürüldüyü vurğulanıb.

Bəyanatda həmçinin jurnalist Şahnaz Bəylərqızının “Toplum TV işi” çərçivəsində saxlanıldığı və barəsində 3.5 ay həbs qətimkan tədbiri seçildiyi bildirilib.

Fevralın 5-də həbs edilən Bəylərqızı bu bəyanatın yayıldığı gün – fevralın 26-da ev dustaqlığına buraxılıb.

Beynəlxalq hüquq müdafiə təşkilatları qeyd edib ki, hazırda “Abzas Media”, “Toplum TV” və “Meydan TV”-ni hədəf alan üç əsas cinayət işi üzrə 25-dən çox media işçisi dəmir barmaqlıqlar arxasındadır və onların əksəriyyəti Qərb donorlarından maliyyə vəsaiti ölkəyə “qaçaqmalçılıq” yolu ilə gətirməkdə ittiham olunaraq həbs ediliblər.

“Hökumət bəzi media qurumlarının artıq normal fəaliyyət göstərə bilməyəcəyi, jurnalist və maliyyə mənbələrinin tükəndiyi bir mühit yaratmaqla tənqidi səsləri sistematik şəkildə susdurmağa çalışır. Biz Azərbaycanda jurnalist fəaliyyətinə görə ədalətsiz şəkildə həbs edilən və təqib olunan bütün jurnalistlərin dərhal azad olunmasını tələb edirik”, Avropa Jurnalistlər Federasiyasının Baş katibi Rikardo Qutyerrez deyib.

Bununla yanaşı, bəyanatda son həftələrdə narahatlıq doğuran hallar kimi BBC-nin Bakıdakı ofisini Azərbaycanın Xarici İşlər Nazirliyinin göstərişi ilə bağlaması, Nazirliyin “Amerikanın Səsi”nin müxbirinin də akkreditasiyasını ləğv etməsi, habelə “Turan” İnformasiya Agentliyinin fəaliyyətini dayandırması vurğulanır.

Azərbaycanda jurnalistlərə qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Rəsmi Bakı hökumət tənqidçilərinə qarşı cinayət işlərinin siyasi motivli olmasına dair ittihamların “kökündən yanlış və qəbuledilməz” olduğunu, bu cür çağırışların məhkəmə sisteminə müdaxilə olduğunu vurğulayır.

BBC-nin Bakıdakı ofisinin bağlanmasına gəldikdə, XİN-in mətbuat katibi Hacızadə media orqanının Azərbaycanda nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığını və bunun BBC-nin nümayəndələrinə rəsmi şəkildə çatdırıldığını bildirib.

“Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə bildirilib. Bu çərçivədə aparılmış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə Media haqqında qanunun 11.2 maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb,” Ayxan Hacızadə deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG