Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vuqar İbrahimovun sədrliyi ilə keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı fevralın 12-nə təyin edilib.
Vəkil Aqil Layıc Amerikanın Səsinə deyib ki, məhkəmə müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətlərini təmin etməyib. Bununla yanaşı hakim Emin İbrahimovun vəkillərinin yanında oturması ilə bağlı vəsatət təmin edilib.
Emin İbrahimov məhkəmədə çıxış edib.
“O bildirdi ki, bu məhkəmə deyil, o səbəbdən hər hansı münasibət bildirmir. Çünki məhkəmə onunla bağlı hər hansı məsələni həll etməkdə legitim deyil”, vəkil İbrahimova istinadən qeyd edib.
2024-cü il iyulun 24-də saxlanılan Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağır zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.
Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində həbs qətimkan tədbiri seçib.
Vəkilin sözlərinə görə, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.
İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib. 2007-2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub. 2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycanın Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.
Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.
İbrahimov Azərbaycan hökumətinin fəaliyyətini tənqidləri ilə tanınır.
Azərbaycanda son illər bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.
Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.
Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.
Forum