Accessibility links

Keçmiş diplomat Emin İbrahimovun həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb


Emin İbrahimov
Emin İbrahimov

Noyabrın 19-da Nizami Rayon Məhkəməsində keçmiş diplomat Emin İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Vəkil qeyd edib ki, müdafiə tərəfi məhkəmənin qərarını əsassız hesab edir və İbrahimov barəsində istintaq hərəkətləri aparılmayıb.

“Guya keçmiş diplomatın bıçaqladığı iddia edilən şəxslə üzləşmə olmayıb. Məhkəmə zamanı Emin İbrahimov bildirib ki, hüquq sistemindən ədalət gözləmir, çünki ekspertiza onun heç vaxt görmədiyi bıçaqda ona aid barmaq izlərini aşkarlayıb”- deyə, Layıc bildirib.

Müdafiə tərəfi İbrahimovun həbs müddətinin uzadılması barədə qərardan apellyasiya şikayəti verəcəyini qeyd edib.

İyulun 24-də saxlanılan keçmiş diplomat Emin İbrahimov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurmaq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Vəkilin sözlərinə görə, Emin İbrahimovun iyulun 22-də Kamal Şükürov Hacıəli oğlu adlı Qaraçuxur qəsəbəsinin sakininə bıçaqla xəsarət yetirdiyi iddia olunur.

Nizami Rayon Məhkəməsi Emin İbrahimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Emin İbrahimov 2002-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.

2005-ci ildə Ankara Universitetindən Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb.

2009-cu ildə NATO Müdafiə Kollecinin Ali Kursunu bitirib. 2007-2020-ci illərdə Azərbaycan Respublikasının diplomatik xidmətində olub.

2012-2016-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində, 2016-2019-cu illərdə Azərbaycan Respublikasının Uruqvaydakı Diplomatik Nümayəndəliyində işləyib.

Emin İbrahimov 2020-ci il martın 13-də ölkədə seçki hüququnun və azadlıqların boğulmasına etiraz olaraq Xarici İşlər Nazirliyinə istefa ərizəsi yazıb və diplomatik fəaliyyətdən istefa verib.

Azərbaycanda son illər bir neçə siyasi fəal kiməsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunsalar da, onlar bu ittihamı qəbul etmirlər. Fəallar məhkəmədə bildiriblər ki, həmin şəxslər əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Aqil Hümbətov, Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş və Almaniyadan readmissiya olunandan sonra həbs olunmuş Samir Aşurov, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.

Azərbaycan hakimiyyəti isə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini, həbs olunanların konkret cinayət əməlinə görə ittiham olunduqlarını bildirir.

Forum

XS
SM
MD
LG