Accessibility links

Azərbaycanın Quru Qoşunları komandanı Türkiyənin Suriya ilə sərhədində hərbi rəsmilərlə görüşüb


Azərbaycanın Quru Qoşunları komandanı Hikmət Mirzeyev Suriya ilə sərhəddə (Mənbə: Türkiyə Milli Müdafiə Nazirliyi)
Azərbaycanın Quru Qoşunları komandanı Hikmət Mirzeyev Suriya ilə sərhəddə (Mənbə: Türkiyə Milli Müdafiə Nazirliyi)

Azərbaycan Quru Qoşunları komandanı Türkiyənin Suriya ilə sərhədində olub.

Türkiyə Milli Müdafiə Nazirliyi X Pltaformasında bildirib ki, Türkiyə Quru Qoşunları Komandanı general Səlcuq Bayraktaroğlu Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzeyev və onu müşayiət edən nümayəndə heyəti ilə yanvarın 24-də Kilisdə (Türkiyənin Suriya ilə sərhədi) 6-cı Korpus və Birgə Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə görüşüb.

Xəbərdə deyilir ki, nümayəndə heyəti Çıldıroba və Şəhid Mehmet Sərhəd Polis İdarəsində araşdırmalar aparılmasında da iştirak edib.

“General Bayraktaroğlu Türkiyə və Azərbaycan Quru Qoşunları Komandanlıqları arasında artan hərbi əməkdaşlıq və koordinasiya çərçivəsində inkişaf etdirilən silah və sistemlər haqqında məlumat verib və əməliyyat sahələrində əldə edilən təcrübələri diqqətə çatdırıb”, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Azərbaycan Müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzeyev yanvarın 24-dən Türkiyədə rəsmi səfərdədir. O bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak də daxil olmaqla, çoxsaylı görüşlər keçirib.

Xatırladaq ki, Bəşar Əsəd devrildikdən sonra Azərbaycan Suriyada səfirliyini açıb, bu ölkəyə humanitar yardım göndərib.

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, Suriyada hakimiyyətin dəyişilməsi həm Türkiyə, həm də Azərbaycan üçün sevindirici məqamdır.

"Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib. Mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq. Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü", o bildirib.

Əliyev deyib ki, terrordan əziyyət çəkən Türkiyə "haqlı olaraq" öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və nəinki tələb edir və buna nail olur. O, Suriyada hakimiyyət dəyişikliyinin Azərbaycan üçün əhəmiyyətindən də danışıb.

Forum

XS
SM
MD
LG