Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik Yaşar Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə arasında keçirilən birgə təlimlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Görüşdə həmçinin hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsində bu cür görüşlərin zəruriliyi diqqətə çatdırılıb. Hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri hər il Türkiyədə onlarla müxtəlif təyinatlı hərbi təlimlərdə iştirak edir.
Üç il əvvəl iyunun 15-də Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi müttəfiqliyi rəsmiləşdirən Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıb.
Bəzi təhlilçilər bəyannamənin regionda yeni geosiyasi ab-hava yaranması üçün əsaslar yaratdığını hesab edir. Onların fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənmə xətti üzrə inkişaf edir.
Müxalifət və bir sıra ictimai təşkilatlar hətta Azərbaycanı Türkiyə ilə hərbi ittifaq yaratmağa səsləyir.
Bu yaxınlarda Amerikanın Səsinə müsahibə verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi ittifaq daha da güclənəcək.
Forum