Accessibility links

Azərbaycan Slovakiyaya qaz təchizatına başlayıb


(archive photo)
(archive photo)

Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı - SPP şirkətinə təbii qaz tədarükünə başlayıb.

Bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Şirkətlər daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.

Bu qaz təchizatları sayəsində SOCAR öz ixrac istiqamətlərini şaxələndirməyə davam edir. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan qazını alan on ikinci ölkə olub.

Mayın 7-də Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiyanın Baş naziri Robert Fiko təbii qaz sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

İlham Əliyev və Robert Fiko (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Robert Fiko (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Bununla yanaşı danışıqların yekunu olaraq iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında birgə bəyannamə, hərbi-texniki əməkdaşlıq sahəsində anlaşma memorandumu və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş də imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyev görüşdə deyib ki, Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq.

“Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”, Əliyev qeyd edib.

Robert Fiko bildirib ki, Ukraynada baş verən müharibə səbəbindən Slovakiyanın nəqliyyat infrastrukturunun istifadəsi mürəkkəbləşib.

“Azərbaycan qazının Rusiya-Ukrayna sərhədindəki məntəqə vasitəsilə Ukrayna ərazisindən idxal edilməsi layihəsi var. Söhbət 20 milyard kubmetrlik həcmdən gedirsə, bu, hamı üçün maraqlı olmalıdır”, o qeyd edib.

Baş nazirin dediyinə görə, Slovakiya təkcə Azərbaycandan qaz almaq istəmir, Azərbaycan qazını Ukrayna ərazisindən Slovakiyaya idxal etmək istəyir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Slovakiya baş nazirnin Azərbaycan qazının Rusiya vasitəsi ilə Ukrayna ərazisindən tranziti ilə bağlı fikirləri mümkün ola bilər. Ancaq Ukrayna Rusiya qazının ərazisindən tranzitini dayandıracağını bəyan edib.

İlham Şaban
İlham Şaban

İlham Şaban deyib ki, 2024-cü ilin 31 dekabrında Rusiya ilə Ukrayna arasında Rusiya qazının Avropaya tranzit nəqli ilə bağlı 2019-cu ildə imzalanmış beş illik müqavilə başa çatır.

“Ukrayna tərəfi bəyan edib ki, bu müqaviləni uzatmaq fikrində deyil. Avropa Komissiyası da Ukraynaya dəstək verib, onun bu istəyini alqışlayıb və Avropa İttifaqı ölkələrinə təklif verib ki, özlərinə alternativ mənbələrdən qaz idxalı barədə düşünsünlər”, o qeyd edib.

Təhlilçi deyib ki, hazırda Rusiyaya qarşı Avropa İttifaqının 14-cü sanksiyaları gündəmdədir. Gözlənilir ki, ilk dəfə olaraq təbii və maye qazın ixracına qadağanı da oraya daxil etsinlər.

Azərbaycan prezidenti İlham Əliyev 2022-ci ildə Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə birlikdə Energetika sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb.

Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb.

Forum

XS
SM
MD
LG