Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Baş naziri Nikol Paşinyanın Bakıda saxlanılan erməni məhbuslara qarşı qadağan olunmuş psixotrop dərmanlar verilməsi ilə bağlı iddialarını təkzib edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, 25 yanvar tarixində Ermənistan Baş nazirinin İctimai Televiziyaya verdiyi müsahibədə guya “regional eskalasiyaya rəvac vermək məqsədilə separatçı rejimin nümayəndələrinə qarşı psixotrop maddələrin tətbiq olunması ilə bağlı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və tamamilə gülüncdür”.
"Təqsirləndirilən şəxslərin bütün hüquq və vəzifələri lazımi qaydada təmin olunub və izah edilib, bütün məhkəmə prosesi və ifadələri qeydə alınıb. Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən araşdırılıb və bu iddiaların yalan olduğu təsbit edilib”, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 25-də Ermənistan İctimai Televiziyasına müsahibəsində “əsir götürülmüş ermənilərin onun siyasi opponentləri olduğu üçün qaytarılması üçün heç bir iş görülməməsi” barədə sualın cavabında bildirib ki, Azərbaycanın Ermənistanda regional gərginliyi qızışdırmaq məqsədi daşıyan ifadələr əldə etmək üçün Bakıda saxlanılan “erməni məhbuslara qarşı qadağan olunmuş psixotrop dərmanlardan istifadə etdiyi barədə kəşfiyyat məlumatı var”.
“Mən orada heç kimi öz siyasi rəqibim hesab etmirəm və əksinə, biz başa düşürük ki, baş verənlər nəinki ciddi narahatlıq doğurur, həm də regionda yeni eskalasiyanın yaranması üçün istifadə olunacaq və istifadə olunur.
Üstəlik, bizim əlimizdə kəşfiyyat məlumatı var ki, bu şəxslərə qarşı qanunsuz psixotrop dərmanlardan regional eskalasiyaya səbəb olan ifadələr almaq üçün istifadə olunur. Biz bu prosesdən çox narahatıq. Yəni dediklərindən belə çıxır ki, biz bu insanların orda olmasına sevinirik. Xeyr, bu məhkəmə Ermənistana qarşı istifadə olunacaq. Tamamilə mümkündür ki, qadağan olunmuş psixotrop preparatların köməyi ilə həmin şəxslər Ermənistana qarşı müxtəlif üsullarla istifadə olunacaq ifadələr ala bilsinlər. Biz isə bu məsələni çox gözəl və dərindən başa düşürük və bunun fərqindəyik”, Paşinyan qeyd edib.
Baş nazir əmin edib ki, bu problemin həlli üçün hər cür cəhdlər edilir.
Azərbaycanda həbsdə olan özünü Dağlıq Qarabağ Respublikası adlandıran qurumun erməni rəhbərləri barəsindəki cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir ki, 1389 cinayət işi bir icraatda birləşdirilib. Bunlar 1987-ci ilin oktyabrından Azərbaycan ərazilərində tanınmamış Dağlıq Qarabağ Respublikasının silahlı birləşmələri tərəfindən törədildiyi iddia edilən cinayətlərə aiddir.
Azərbaycan rəsmiləri toplanmış sübutlar əsasında 2548 epizod üzrə 15 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini bildirib. İttiham olunanlar Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertidir.
Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) maddələrilə ittihamlar irəli sürülüb.
Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasını əsas tutaraq Ermənistan Respublikasının aidiyyatı orqanlarını əməkdaşlığa dəvət etdiyini bildirib. Cinayət işi üzrə ittiham aktı Azərbaycanın baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyatı üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Baş Prokurorluğun məlumatında tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyanın adı çəkilməyib. Onun işinin istintaqı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində aparılırb. Vardanyanın vəkillərinin məlumatına görə, ona qarşı ağır cinayətlərlə bağlı 45 ittiham irəli sürülüb.
Təqisrləndirilən şəxslərin vəkilləri Azərbaycan Baş Prokurorluğunun məlumatına hələ münasibət bildirməyib. Ermənistan hökuməti Azərbaycanda həbsdə olan erməni şəxsləri hərbi əsir sayır və azad edilməsini tələb edir.
Forum