İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin edilib.
İsrail hökuməti yəhudi dövlətinin xaricdəki yeni səfirləri və konsulları vəzifəsinə xarici nümayəndəliklərin rəhbərlərinin təyin olunması üzrə komitənin tövsiyə etdiyi və ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qideon Saar tərəfindən təqdim edilən 12 namizədi yekdilliklə təsdiqləyib.
Ronen Kraus X Platformasında yazıb ki, İsrailin Azərbaycan Respublikasına növbəti səfiri vəzifəsinə təyin olunmasından şərəf duyur.
İsrailin Azərbaycandakı hazırkı səfiri Corc Dik Azərbaycan mediasına müsahibəsində bildirib ki, oktyabrın 7-dən sonra anti-İsrail kampaniyasına qoşulmaq üçün kənar təzyiqlərə boyun əyməkdən imtina edən Azərbaycan hökumətinin mövqeyini yüksək qiymətləndirir.
Azərbaycan İsrail ilə ikitərəfli strateji və iqtisadi əlaqələri inkişaf etdirən az saylı müsəlman ölkələrindən biridir. Israil 1992-ci il oktyabrın 7-də Azərbaycanda səfirlik açıb. Azərbaycan isə İsraildə 2023-cü ilin yanvarında səfirliyini açıb.
Azərbaycan Bakıda və Quba rayonun Qırmızı qəsəbəsində yaşayan təxminən 30 000 yəhudinin vətənidir. Bakıda 5000-ə yaxın Aşkenazi yəhudisi yaşayır. Keçmiş Sovet İttifaqında ilk Yəhudi Soçnut məktəbi 1982-ci ildə Bakıda açılıb.
Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı - “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, indityədək Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 13 sənəd imzalanıb.
Azərbaycan Milli Məclisində Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu, İsrail Parlamentində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.
Forum