Accessibility links

Qubad İbadoğlu: Şəxsiyyət vəsiqəmi fəaliyyətsiz ediblər


Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)
Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra (22 aprel 2024-cü il)

Hazırda ev dustaqlığında olan iqtisad elmləri doktoru Qubad İbadoğlu Azərbaycan vətəndaşı kimi şəxsiyyət vəsiqəsindən istifadə edə bilmədiyini bildirib.

O Amerikanın Səsinə müsahibəsində deyib ki, şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.

“Ev dustaqlığına buraxılandan bir müddət sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən qaytarılan şəxsiyyət vəsiqəm deaktiv edilib. Mənə 1 il 6 aydan çoxdur ki, hətta “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək hüququ şamil olunmur. Belə ki, mənə məxsus şəxsiyyət vəsiqəsi ilə Azərbaycan qanunvericiliyində nəzərdə tutulan notarial qaydada etibarnamə vermək və ya əldə etmək hüququm məhdudlaşdırılıb. Mobil notarius və ASAN xidmət sistemində heç bir əməliyyat aparmaq mümkün deyil. Sistemə FİN məlumatlarını daxil edərkən, “daxil olmuş FİN əsasında vəsiqə məlumatı tapılmadı” cavabı verilir. Məlumat üçün qeyd edim ki, mənə məxsus şəxsiyyət vəsiqəsi 04.08.2031-ci ilə qədər etibarlıdır.
Yaranmış problemlə bağlı Daxili İşlər Nazirliyinə online müraciət olunsa da problem həll edilmir”, İbadoğlu qeyd edib.

Qubad İbadoğlu: Şəxsiyyət vəsiqəmi fəaliyyətsiz ediblər
please wait

No media source currently available

0:00 0:05:15 0:00

O deyib ki, hətta bu günlərdə Sumqayıtdakı Asan Xidmət Mərkəzində bir neçə saat gözlədilsə də məsələni həll edə bilmədiklərini bildirblər.

“Əfsuslar olsun ki, bir vətəndaş kimi ən adi hüquqlarımdan istifadə imkanlarım məhdudlaşdırılıb. Bu mənə qarşı növbəti qanunsuzluq kimi dəyərlənbdirilməlidir”, o qeyd edib.

İqtisad elmləri doktoru barəsində istintaqın dayandırılması barədə qərarı indiyədək əldə edə bilmədiyini deyib.

“İstintaqın dayandırılması barədə qərarı əldə etmək üçün məhkəməyə müraciət etmişik. Amma indiyədək istintaq orqanı istintqaın dayandırılması barədə qərarla nəinki məni, vəkilimi də tanış etməyib. Ona görə istintaqın dayandırılmasının səbəblərini, əsaslarını, izahatını deyə bilmirik. İstintaq qeyri-müəyəyn müddətə dayandırılıb. Heç bir istintaq hərəkəti aparılmır. İstintaqın dayadırılması barədə sənədin əldə edilməsi üçün hüquqi müstəvidə apardığımız mübarizə də hələ bir nəticə verməyib”.

Qubad İbadoğlu barəsində vəziyyətin qeyri-müəyyən olduğunu deyib.

“Ölkədən çıxışıma qoyulmuş qadağa qalır. Əmlakım üzərində həbs qərarı qalır, heç bir əməliyyat apara bilmirəm. Baxmayarq ki, həbs qoyulmuş əmlak mənə yox, ailə üzvümə məxsusdur”.

O həftədə iki dəfə Sumqayıt şəhərinə gedərək 1 saylı Polis Bölməsində qeydiyyatdan keçdiyini bildirib.

“İndi mən Bakı şəhərində yaşayıram. Amma qeydiyyat məsələsini həll edə bilmirəm. Həftədə iki dəfə Sumqayıt şəhərində qeydiyyatdan keçmək üçün gedirəm. Halbuki Bakıda 28-ci Polis Bölməsi yaşadığım evin yaxınlığındadır. Mən hələ də qeydiyyat məsələmi Sumqayıtdan Bakıya, 28-ci Polis Bölməsinə keçirə bilmirəm”, o qeyd edib.

Səhhəti ilə bağlı sualın cavabında İbadoğlu deyib ki, müalicəsi davam edir.

“Səhhətimdə ən ciddi problem ürəyimlə bağlı olaraq qalır. İndiki halda yeni müayinələrdən keçməmişəm. Amma son müayinələr göstərir ki, ürəkdə aorta damarımın genişlənməsi davam edir. Bu da cərahhi müdaxilənin zərurətini getdikcə daha da artırır”, o qeyd edib.

Qubad İbadoğlu ölkədən müalicə üçün xaricə buraxılması ilə bağlı 3 dəfə məhkəməyə müraciət etdiyini bildirib.

“Hər dəfə də əsaslandrımışıq ki, xaricə qısa müddətə tibbi məqsədlə səfər etmək məcburiyyətindəyəm. 3 dəfə Nərimanov Rayon Məhkəməsi, 3 dəfə dəfə də Apellyasiya Məhkəməsi heç bir əsas göstərmədən müraciətimi təmin etməyib”, o qeyd edib.

Bununla yanaşı, Azərbaycan Daxili İşlər Nazirliynin Mətbuat xidməti Qubad İbadoğlunun dedikləri ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bununla yanaşı, İbadoğlunun ölkədən çıxışına qadağa qoyulub.

Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib. Buna baxmayaraq İbadoğlu müayinə və müalicə üçün xaricə buraxılmır.

Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Rəsmi Bakı cinayət işinin siyasi motivli olduğuna dair fikirlərin "kökündən yanlış və qəbuledilməz" olduğunu qeyd edib.

Forum

XS
SM
MD
LG