Accessibility links

İnsan haqları təşkilatları Avropa Siyasi Birlyinin sammitində iştirak edəcək liderlərə Azərbaycanla bağlı çağırış edib


Arxiv fotosu: Avropa Siyasi Birliyinin Britaniyada keçirilən dördüncü sammiti, 18 iyul 2024
Arxiv fotosu: Avropa Siyasi Birliyinin Britaniyada keçirilən dördüncü sammiti, 18 iyul 2024

Beynəlxalq insan hüquqları təşkilatları Avropa Siyasi Birliyinin noyabrın 7-də Budapeştdə keçiriləcək növbəti sammitinə qatılacaq dövlət başçılarını Azərbaycanda insan hüquqlarının vəziyyətinə və “repressiya iqliminə” toxunmağa çağırıb.

İnsan haqları təşkilatları qeyd edib ki, sammit vətəndaş cəmiyyətinə qarşı repressiyalara davam edən Azərbaycan hökumətindən ədalət və hesabatlılıq tələb etmək üçün həlledici fürsətdir.

“2024-cü il Azərbaycanda 7 fevral prezident seçkiləri və 1 sentyabr parlament seçkilərindən sonra təqiblərin əhəmiyyətli dərəcədə güclənməsi və ölkədə misli görünməmiş repressiyalarla nəticələnməsi ilə əlamətdar olub. Ölkədə demək olar ki, heç bir müstəqil vətəndaş cəmiyyəti subyekti qalmayıb, müstəqil media təşkilatlarının rəhbərləri həbs olunub, hakimiyyət hüquqşünaslara və alimlərə təzyiqləri artırıb”, müəlliflər vurğulayır.

Azərbaycanda repressiyalara son qoyulması çağırışı ilə başladılan Anar Məmmədli kampaniyası çərçivəsində yayılan bəyanatda hüquq müdafiəçisi Anar Məmmədlinin, siyasi fəal Famil Xəlilovun, tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun, akademik Qubad İbadoğlunun, Abzas Media, Toplum TV və Kanal 13 jurnalistlərinin və ötən bir il ərzində həbs edilən digər fəallar və jurnalistlərin işləri qeyd edilib. Bəyanatı 10-dan artıq hüquq müdafiə təşkilatı imzalayıb.

Budapeşt sammitinə qatılacaq liderlərə Azərbaycan hakimiyyətindən Anar Məmmədli də daxil olmaqla siyasi məhbusları azad etməyi, insan hüquqları öhdəliklərini yerinə yetirməyi və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunvericiliyi dəyişməyi tələb etməyə çağrılır.

Avropa Siyasi Birliyinin sayca beşinci sammiti Macarıstanın paytaxtı Budapeştdə noyabrın 7-də baş tutacaq. 45-dən artıq dövlət və hökumət başçısının iştirak edəcəyi sammitə Azərbaycan prezidenti İlham Əliyevin də qatılması gözlənilir.

Azərbaycanda jurnalistlərə və fəallara qarşı artan təqiblər və həbslərlə bağlı çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər bu çağırışları qərəzli hesab edir, vətəndaşların bütün hüquq və azadlıqlarının qorunduğunu iddia edirlər.

Rəsmi Bakı daha əvvəl jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu qeyd edib.

Beynəlxalq insan hüquqları təşkilatları isə Azərbaycanda insan hüquqları göstəricilərinin uzun illərdir pis olduğunu, hökumətin müntəzəm olaraq hüquq müdafiəçilərini, jurnalistləri və müstəqil vətəndaş cəmiyyəti fəallarını hədəf aldığını, COP29 ərəfəsində repressiyaların daha da kəskinləşdiyi qeyd edirlər.

Forum

XS
SM
MD
LG