Accessibility links

İranın Qərbi Azərbaycan vilayətində əhalinin 40%-i vəziyyətin yaxşılaşacağına inanmır


Qərbi Azərbaycan Vilayəti
Qərbi Azərbaycan Vilayəti

İranın Mədəniyyət və İslami İrşad Nazirliyi ilə Daxili İşlər Nazirliyinin birgə apardığı "İranlıların Dəyərləri və Baxışları" adlı son milli sorğunun nəticələri Qərbi Azərbaycan vilayətində sosial narazılığın artdığını göstərir.

Sorğu 2023-cü ilin noyabr-dekabr aylarında keçirilib və ümumilikdə 15.878 nəfər iştirak edib. Respondentlər sosial, mədəni, siyasi və dini mövzularda suallara cavab veriblər.

Bu, dövlət nəzarəti altında həyata keçirilən dördüncü belə layihədir və əvvəlki illərdə (2000, 2003, 2015) də keçirilib. Lakin, bu dəfə hökumət rəsmi mövqeyi ilə uyğun gəlmədiyi üçün nəticələrin məxfi saxlanıldığı bildirilir. Nəticələr yalnız məhdud sayda dövlət orqanlarına təqdim edilib.

İran mediasına sızdırılan məlumatlara görə, respondentlərin 92%-i ölkənin idarəçilik vəziyyətindən narazıdır. Qərbi Azərbaycan vilayəti əhalisinin 40,1%-i ölkənin vəziyyətinin yaxşılaşacağına inanmadığını bildirib və bu, ölkədə vilayəti gələcək üçün ən bədbin bölgə kimi göstərir. Ondan sonra Kürdüstan vilayəti 37,9% ilə gəlir.

Sorğunun nəticələri inflyasiya, işsizlik, narkomaniya, iqtisadi korrupsiya, mənzil problemi, hicab qaydaları, evlilik, boşanma, su qıtlığı və qanunların icra edilməməsi kimi məsələlərin əsas ictimai narahatlıq olduğunu üzə çıxarıb. Bu sorğunun detallı nəticələrinin məxfi saxlanılması isə siyasi və ictimai fəallar tərəfindən kəskin tənqid edilib.

Sorğunun dördüncü mərhələsinin elmi rəhbərlərindən, sosioloq Möhsün Gudərzi, Hammihanonline portalına verdiyi müsahibədə bildirib ki, mövcud vəziyyətdə sorğular daha mühafizəkar nəticələr göstərir. Respondentlərin bəzi suallara cavab verməkdən çəkinməsi məlumatların daha mühafizəkar görünməsinə səbəb olur.

Gudərzi əlavə edib ki, texniki amillər də rol oynayır. "Məsələn, son illərlə müqayisədə sorğularda iştirakdan imtina edənlərin sayı artıb. Bu, radikal fikirlərə sahib olan insanların daha az təmsil olunması və mühafizəkar fikirlərin daha yüksək nisbətdə görünməsi ilə nəticələnir." -deyə, o, açıqlayıb.

Baxmayaraq ki, sorğunun nəticələrinin elmi dəyərinə dair suallar yaranıb, hökumətin bu məlumatları ictimaiyyətdən gizlətməsi hakimiyyətin rəsmi diskursu ilə toplumdan əldə edilən sorğu nəticələri arasında ciddi uyğunsuzluğun olduğu barədə sualların yaranmasına səbəb olur.

Forum

XS
SM
MD
LG