Accessibility links

Urmiyəli parlamentar: Millətin ölkənin mövcud vəziyyətdən çıxa biləcəyinə olan inamı sarsılıb


İran İslam Respublikası Parlamenti
İran İslam Respublikası Parlamenti

Urmiyə şəhərinin İran parlamentindəki nümayəndəsi Ruhullah Həzrətpur bu günlərdə ölkə idarəçilərinin "səmərəsizliyini" tənqid edərək, ölkənin vəziyyətini "böhranlı" adlandırıb.

İran mediasının yaydığı məlumata görə, Həzrətpur fevralın 21-də parlamentdəki çıxışında ölkənin kritik vəziyyətdə olduğunu bildirərək, iqtisadi vəziyyətin pisləşməsini və milli valyutanın kəskin ucuzlaşmasını tənqid edib. Parlamentar İbrahim Rəisinin kabinetinin "bacarıqsız" olduğunu bildirib.

O bildirib ki, sonuncu dəfə parlamentdə çıxış edərək ölkənin böhranlı vəziyyəti və bacarıqsız kabinetin zəifliyi barədə xəbərdarlıq edəndə İranın milli valyutasının dəyəri indiki dəyərdən iki dəfə çox idi və bu böhranlardan çıxmaq üçün daha çox ümid var idi.

Prezident İbrahim Rəisiyə müraciət edən Həzrətpur "inflyasiya" və cəmiyyətdə işçilərin, dövlət qulluqçularının və təqaüdçülərin güzəranına təsir edən "dərin sinif fərqliliyi" barədə xəbərdarlıq edib.

O, 18 milyon tümənlik gəlirin yoxsulluq səviyyəsi olduğunu söyləyərək, hökumətin 10 milyondan az maaş alan fəhlə, dövlət qulluqçusu və təqaüdçülərin maaşlarını 20 faiz artırmasını da tənqid edib.

İrandakı fundamentalist hərəkata yaxın olan və eyni zamanda Məclisin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan Həzrətpur İran İslam Respublikasının "daxili düşmənlər" adlandırdığı bəzi siyasətçi və müdirlərini sərt tənqid edib.

Ruhullah Həzrətpur daxili düşmən adlandırdığı İran hökumətindəki bəzi ekstremistlərin ölkəni "sanksiya, təcrid və beynəlxalq münaqişələrə" sövq etdirməyə meyilli olduqlarını deyib.

Son zamanlar İranın milli valyutasının dəyəri kəskin şəkildə düşüb və bəzi iqtisadi ekspertlər bu tendensiyanın davam edəcəyini proqnozlaşdırır.

Sanksiyalar, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) danışıqlarının dayandırılması, ölkədə davam edən kütləvi etirazlar və digər ölkələrlə münasibətlərdə gərginliyin artması ölkə valyutasının dəyərini düşürməkdə təsirli hesab etdiyi amillərdəndir. Digər tərəfdən bəzi millət vəkilləri İbrahim Rəisi kabinetinin hazırladığı büdcə layihəsi ucbatından bu il inflyasiya səviyyəsinin artacağı ilə bağlı xəbərdarlıq ediblər.

XS
SM
MD
LG