Accessibility links

İran Azərbaycanı vilayətlərinin əksəriyyətində inflyasiya ölkə üzrə orta göstəricidən yüksəkdir


Təbriz
Təbriz

Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbildə inflyasiya ölkə üzrə orta göstəricidən yüksəkdir.

İran Statistika Mərkəzinin yaydığı məlumata görə, ölkənin 31 vilayəti arasında İranın 21 vilayətində ölkədə orta səviyyədən yüksək inflyasiya qeydə alınıb. Həmədan, Qəzvin, Mərkəzi və Əlburz vilayətləri də inflyasiyanın ölkə üzrə orta göstəricidən yüksək olan vilayətlər sırasındadır. Türk əhalisi olan vilayətlər arasında Zəncan 41,1% inflyasiya ilə yeganə vilayətdir ki, ölkə üzrə orta göstəricidən aşağıda yer alıb.

İran Statistika Mərkəzinin məlumatına görə, yanvarın 21-dən fevralın 19-dək (Günəş ili təqvimində Bəhmən ayı) ölkədə illik inflyasiya 42,5% təşkil edir. Şərqi Azərbaycan İranda 46,8% inflyasiya ilə yüksək inflyasiyaya malik 7-ci vilayət, türk vilayətləri arasında isə ən yüksək inflyasiya qeydə alınan birinci vilayətdir.

Şərqi Azərbaycan valisi Malik Rəhməti, vilayətdəki yüksək inflyasiya ilə bağlı bildirib ki, "vilayətin paltar və ayaqqabı, divan və məişət texnikası kimi mallarda inflyasiya ölkə üzrə orta göstəricidən yüksəkdir". O bildirib ki, vilayətdə bu yüksək inflyasiyanın və malların baha olmasının səbəbi “kifayət qədər nəzarətin olmamasıdır”.

Rəhməti bunları vilayət bazarının tənzimlənməsi qərargahının iclasında bəyan edib və İran Statistika Mərkəzinin inflyasiya ilə bağlı məlumatlarına istinad edərək deyib ki, “Bu göstəricilər vilayətimizdə bəzi məsələlərin tarixi köklərə malik olduğunu göstərir və biz bu kökləri müəyyən etməliyik.

Keçən il Şərqi Azərbaycan 53,3 faiz inflyasiya ilə ölkənin vilayətləri arasında yüksək inflyasiya səviyyəsinə malik altıncı vilayət olaraq qeydə alınmışdı.

Forum

XS
SM
MD
LG