Accessibility links

On minlərlə Zəncanlı gecəqondularda yaşayır


Zəncan Xəritə
Zəncan Xəritə

İran mediasının məlumatına görə, Zəncan vilayətində əhəmiyyətli sayda əhali bir çox sosial xidmətlərdən məhrum şəkildə gecəqondularda yaşayır.

Zəncan vilayətinin yol və şəhərsalma üzrə səlahiyyətli olan Əsgər İsmailinin sözlərinə görə, bu şəhərin əhalisinin 12,24 faizi qeyri-standart və təhlükəli evlərdə yaşayır.

2016-cı ilin statistik məlumatlarına görə, Zəncan şəhərinin 430 min əhalisi var idi. İRNA xəbər agentliyinin yayımladığı son statistik məlumatlara əsasən, hazırda Zəncan şəhərinin 501 min nəfər əhalisi var.

2016-cı ilin statistikası nəzərdə tutulursa, gecəqonduların faizi hesablansa, demək olar ki, təkcə Zəncan şəhərinin 50 mindən çox əhalisi gecəqondu məhəllələrində sakindir.

Zəncandan başqa həmin vilayətin digər şəhərləri olan Əbhar və Qeydar şəhərlərində də toplam 3 gecəqondu məhəlləsinin olduğu bildirilir.

İran Azərbaycanının şəhərlərində gecəqondu məhəllələrinin genişlənməsi və əhalinin bu məhllələrdə məskunlaşması probleminə inflyasiya, kəskin artış göstərən mənzil kirayəsi və ümumilikdə yoxsulluğun artması səbəb olur.

Şərqi Azərbaycan və Qərbi Azərbaycan da daxil olmaqla İran Azərbaycanının vilayətlərində qeyri-standart sənədsiz evlərdə yaşayan xeyli sayda gecəqondu sakinləri var. Bununla bağlı Farhikhtegan qəzetinin saytında yayımlanan hesabata görə, Şərqi və Qərbi Azərbaycan vilayətləri ölkədə gecəqondu sakinlərinin sayına görə ölkə vilayətləri arasında müvafiq olaraq 6-cı və 9-cu yerləri tutur.

Statistik məlumatlar, son illər gecəqondu əhalisinin kəskin şəkildə artdığını göstərir. İnflyasiyanın ailələrin gəlirləri ilə müqayisədə qeyri-mütənasibliyi və kəskin çəkildə artan mənzil kirayəsi ailələrin şəhər kənarındakı qeyri-rəsmi ərazilərə köçməsinə səbəb olur.

Ötən il İran parlamentinin inşaat komissiyasının üzvü İran əhalisinin təxminən dörddə birinin gecəqondularda yaşadığını elan etmişdi.

XS
SM
MD
LG