Son günlərdə Evin həbsxanasında 6 aydan çox saxlanılan milli fəalların işi, ciddi nöqsanlar səbəbilə prokurorluğa geri göndərilib. İş tamamlandıqdan sonra yenidən Tehran İnqilab Məhkəməsinə təqdim ediləcək.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, fəalların işində hər hansı cinayət elementi olmaması səbəbilə Kəşfiyyat Nazirliyi bəraət hökmünün qarşısını almaq üçün məhkəməyə təzyiq göstərir.
Araz News Telegram kanalınının Əbdüləziz Əzimi Qədimdən yayımladığı son audio faylda, o, qeyd edib ki, azərbaycanlı fəallara qarşı ittiham aktı Kəşfiyyat Nazirliyi tərəfindən hazırlanıb və prokuror bu ittiham aktını yetərincə araşdırmayıb.
Əvvəlki açıqlamalarında o, Evin həbsxanasının təcridxanasında milli fəalların işgəncələrə məruz qalması barədə məlumat vermişdi. Son səs yazısında isə Əzimi Qədim, Evin həbsxanasının 209 təcridxanasında azərbaycanlı milli fəalların döyülməsindən daha ətraflı bəhs edib. O, təcridxananın kamerasında olarkən, qonşu kamerada bir məhbusun təxminən bir saat ərzində döyüldüyünü eşitdiyini söyləyir. O, həmçinin bir digər məhbusun döyülərkən üzündən qan axdığını ifadə edib.
Əzimi Qədim hakim Əbülqasım Salavatinin siyasi fəallara 15 dəqiqə ərzində hökm çıxardığına işarə edərək, azərbaycanlı fəalların işində heç bir cinayət elementi olmadığı üçün onların qüsurlar səbəbindən prokurorluğa geri qaytarmaq məcburiyyətində qaldığını qeyd edib.
Onun sözlərinə görə, Kəşfiyyat Nazirliyi uzun illər öncə fəallar arasında gedən söhbətlərə əsaslanaraq həmin fəallar üçün həbs hökmü çıxarmağa nail olmağa çalışır.
Əzimi Qədimin sözlərinə görə, məhkəmə Kəşfiyyat Nazirliyinin təzyiqləri ilə hərəkət edir. Onun iddiasına görə, milli fəalların dosyesində cinayət elementi olmadığı üçün məhkəmə əsassız və sübutsuz ittihamlarla işləri davam etdirməyə çalışır.
Fevralın ilk həftəsində çox sayda milli fəal İranın müxtəlif vilayətlərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin həbsxanasına köçürülüb. Bəzi mənbələr həbs edilən fəalların sayının 30-a yaxın olduğunu bildirib. Fevral ayında həbs olunan bəzi fəallar sorğu-sual edilərək Evin həbsxanasının ümumi bölməsinə köçürüldükdən sonra müvəqqəti azadlığa buraxılsalar da, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Hüseyn Piri, Mürtəza Pərvin, Bağır Hacızadə, Ayaz Seyfxah və Araz Əman da daxil olmaqla bir sıra fəallar hələ də həbsdədirlər. Həmin fəallar 6 aydan artıqdır ki, həbsdə saxlanılır və onların müvəqqəti azadlığa buraxılmasının qarşısı alınır.
Forum