56 azərbaycanlı milli fəal və onların bəzi ailə üzvləri internetdə açıq məktub dərc edərək Evin həbsxanasında saxlanılan milli fəal Əbdüləziz Əzimi Qədimdən aclıq aksiyasına son qoymasını xahiş edib.
Məktubda keçmiş siyasi məhbuslar və ailələri Əzimi Qədimin mədəni mübarizələrinə dəstək verməklə yanaşı, onun sağlamlığının qorunmasının vacibliyini vurğulayıblar.
"Aclıq aksiyası da mədəni mübarizənin taktikalarından biridir. Ancaq bu mübarizə taktikasında hakim qüvvənin haqqa boyun əyib ədalətli qərar verməsi umulmur. Hədəf, haqq səsimizi və zülmə uğramamızı xalqımıza və dünyaya çatdırmaqdır" - deyə, məktubda qeyd olunub.
Əzimi Qədim aclıq aksiyasını iyunun 13-dən davam etdirir, ona və həbsdə olan digər fəallara qarşı irəli sürülən ağır ittihamlara, məhkəmə və təhlükəsizlik orqanlarının qanunsuz davranışlarına etiraz olaraq 1 aydan artıqdır ki, aclıq aksiyası keçirir.
"[...] sizdən aclıq aksiyanıza son verməyinizi istəyirik. Bu qərar sizinlə və sizə dəstək amacı ilə aclığa qoşulmuş olan Tahir Nəqəvi, Ayaz Seyfxah, Hüseyn Piri, Kərim İsmayılzadə, Salar Tahir Əfşar və Milad Cəlili kimi yoldaşlarımızı da əlbəttə, sevindirəcək" - deyə, milli fəalların məktubunda qeyd olunub.
Evin həbsxanasında saxlandığı 6 aydan artıq müddətdə Əzimi Qədim bir neçə dəfə audio-müraciət yayımlayıb. Bu audio mesajların birində o, Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilmə prosesində saxlanılan fəallara işgəncə alətləri ilə işgəncə verilməsini açıqlamışdı.
İran İslam Respublikasının əleyhdarlarına və tənqidçilərinə qarşı sərt hökmlər çıxarması ilə tanınan iş üzrə hakim Əbülqasım Salavati azərbaycanlı fəalların zaminə buraxılması barədə qərar çıxarmaqdan imtina edir.
Əldə edilən məlumata görə, fevralın ilk həftəsində İranın bir sıra vilayətlərində həbs edilən azərbaycanlı fəalların işi üzrə hakim Salavati, "casusluq" və "milli təhlükəsizliyi pozmaq" kimi ağır ittihamlar irəli sürüb, lakin bu cinayət nümunələrini müttəhimlərə təqdim etməkdən təhlükəsizlik və məxfilik bəhanəsi ilə imtina edir.
Əbdüləziz Əzimi Qədim İranda azərbaycanlıların hüquqları üzrə göstərdiyi fəaliyyətlərə görə dəfələrlə məhkəmə qarşısına çıxarılıb, nəticədə isə din xadimi kimi fəaliyyət göstərmək hüququndan məhrum edilıb.
Forum