Əbdüləziz Əzimi Qədimin son müdafiə iclası Evin məhkəməsində keçirilib və ona qarşı iki ittiham irəli sürülüb.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Evin həbsxanasında məhbus olan azərbaycanlı fəal həmin həbsxananın yaxınlığında yerləşən 33 saylı Şəhid Müqəddəs rayon prokurorluğunun 5-ci istintaq şöbəsində keçirilən son müdafiə iclasında iki ittihamla üzləşib.
Azərbaycanlı fəalın məhkəməsi aprelin 14-də digər 4 siyasi məhbusla birlikdə keçirilib. O, ailəsi ilə telefon danışığında ona qarşı “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “nizama qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamları irəli sürülüdüyünü açıqlayıb.
Həmin gün siyasi məhbuslar Əbdüləziz Əzimi Qədim, Mürtəza Pərvin, Hüseyn Piri, Tahir Nəqəvi və Kərəm Mərdanə məhkəmədə son müdafiələrini təqdim etdikdən sonra Evin həbsxanasına geri qaytarılıb.
Sabiq din xadimi Əbdüləziz Əzimi Qədim fevralın 6-da Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və Evin həbsxanasındakı təhlükəsizlik qüvvələrinin 209-cu təcridxanasına köçürülmüşdü. Bi neçə həftə müddətində dindirildikdən sonra fevralın 28-də təcridxanadan Evin həbsxanasının ümumi bölməsinə göndərilib və hazırda həbsxananın 4-cu bölməsində saxlanılır.
Əzimi Qədim və digər güneyli siyasi məhbusların həbs müddəti uzadılıb və hazırda o, həbsinin 73 gününü (2 ay 13 gün) keçirir. Əslən Qaradağ bölgəsinin Vərziqan şəhərindən olan 51 yaşlı siyasi fəal mart ayında həbsxanadan mesaj göndərərək, təcridxanada dindirildiyi mövzular haqqında açıqlama vermişdi.
Fevralın 5, 6 və 7-ci günlərində İran Azərbaycanı, eləcə də Gilan, Əlburz və Tehran vilayətlərində ən azı 15 türk fəal nəzarət altına alınaraq Tehranın Evin həbsxanasına göndərildi. Həmin siyasi fəallardan bəziləri mülki zəmanət qarşılığında sərbəst buraxılıblar. Müvəqqəti olaraq sərbəst buraxılan fəallar son günlərdə eyni məhkəmə şöbəsi tərəfindən çağırılıb.
Hazırda Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Mürtəza Pərvin, Ayaz Seyfxah, Araz Əman, Kamal Nuri, Kərəm Mərdanə və Səid Camalzadənin həbsi davam edir.
Forum