Tehranın Evin həbsxanasında saxlanılan siyasi fəal Əbdüləziz Əzimi Qədimin nəzarət müddəti daha bir ay uzadılıb.
Bununla bağlı Araz News saytı bu fəalın yaxınlarına istinadən xəbər yayıb. Bu xəbərə görə, milli fəalın dindirilmə prosesinin başa çatmasına baxmayaraq, o, qeyri-müəyyən müddətə həbsxanada saxlanılır və müvəqqəti azadlığa çıxması üçün zaminə buraxılmasına mane törədilir.
Hüquq müdafiəçilərinin sosial mediada türk fəalın yaxınlarına istinadən yaydığı xəbərə görə, Əzimi Qədim ona qarşı irəli sürülən ağır ittihamlara etiraz olaraq, aclıq aksiyasına başlayıb, lakin həbsxana məsullarının ona verdiyi vədlərdən sonra aclıq aksiyasını dayandırıb.
Əbdüləziz Əzimi Qədim fevralın 6-da Tehran vilayətinin Qərçək şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Evin həbsxanasının 209-cu bölməsinə köçürülüb. O həmin vaxtdan orada 42 gündür nəzarətdə saxlanılır. Bu müddət ərzində güneyli fəal vəkilə çatım hüququndan məhrum edilib.
Əbdüləziz Əzimi Qədim 24 gün Kəşfiyyat Nazirliyinin təcridxanası kimi tanınan Evin həbsxanasının 209-cu bölməsində təhlükəsizlik qüvvələri tərəfindən dindirilib və fevralın 28-i səhər saatlarında ümumi bölməyə köçürülüb.
Milli fəalın həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə ətraflı məlumat yoxdur.
Əzimi keçən fevralın ilk həftəsində İranın müxtəlif vilayətlərində bir çox türk fəalın həbsi zamanı saxlanılıb.
Əbdüləziz Əzimi Qədim İranda azərbaycanlıların hüquqları ilə bağlı dinc fəaliyyətinə görə dəfələrlə həbs edilmiş və mühakimə olunmuş Tehranda yaşayan azərbaycanlı din xadimidir.
Forum