Accessibility links

Həbsdə olan "Abzas Media"nın direktoru Ülvi Həsənlinin həyatına təhlükə olduğu bildirilir


Ülvi Həsənli
Ülvi Həsənli

"Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ölümlə hədələndiyi bildirilir.

Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə, avqustun 21-də Həsənli ilə növbəti telefon danışığında bildib ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir: "Ülvi dedi ki, narkotik ittihamı ilə həbs edilən təxminən 60 yaşlı bir şəxs bu məsələdən sonra xüsusilə onunla dava salmağa çalışır, ona durduğu yerdə hücum edir. Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib".

Rübabə Quliyeva qeyd edib ki, Ülvi Həsənli məsələdə təcridxana rəhbərliyinin işirakı olduğunu düşünür: "Həmin adam barəsində yekun məhkəmə hökmü çıxarılsa da, hələ də həbsxanaya köçürülmür, təcridxanada saxlanılır. Ülvi hesab edir ki, bu şəxsi ona qarşı təxribat yaratması üçün orada saxlayırlar".

Jurnalistin həyat yoldaşı bildirib ki, məsələ ilə bağlı həm Ülvi Həsənli, həm vəkili Zibeydə Sadıqova təcridxana rəisinə, rəis müavininə 10 gündən çoxdur şikayətlər ünvanlasalar da, heç bir tədbir görülməyib: "Ombudsman Aparatının, Penitensiar Xidmətin dərhal bu işi araşdırmasını, Ülvinin təhlükəsizliyini təmin etməsini tələb edirəm", o qeyd edib.

Yazılanlarla bağlı Ədliyyə Nazirliyi şərh verməyib. Penitensiar Xidmət isə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bildirib ki, jurnalistin böyük cəsarətlə qələmə aldığı məqalə ictimai rezonans doğurub və gözlənildiyi kimi, Penitensiar Xidmət tərəfindən təkzib edilbi.

“Anlayıram ki, Ədliyyə Nazirliyi, Penitensiar Xidmət və təcridxana rəhbərliyi son dərəcə əsəbidir. Lakin yaxşı olar ki, hansısa qisasçılıq barədə plan qurmaqdansa, həmin məqalədə göstərilən xüsusatların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər planı hazırlasınlar, məsuliyyət tədbirləri yerinə yetirsinlər", o qeyd edib.

Hüquq müdafiəçisinin məlumatına görə, Ülvi Həsənli ilə eyni kamerada saxlanılan şəxs əvvəllər dəfələrlə məhkum olunan residivistdir.

“O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinə cəlb olunub. Fəal "işləyəndir". Hazırda çox narahatıq. Vicdan məhbusu Ülvi Həsənlinin həyat və sağlamlığına görə ədliyyə naziri Fərid Əhmədov, penitensiar xidmətin rəisi Mirsaleh Seyidov, 1 saylı Bakı istintaq təcridxanasının rəisi Elnur İsmayılov məsuliyyət daşıyırlar”, Səfərov facebook səhifəsində yazıb.

Xatırladaq ki, “Abzas Media” internet nəşri iyulun 31-də bu nəşrin 2023-cü il noyabrın 20-də həbs olunan direktoru Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları və işgəncəni həyata keçirən şəxslərdən bəhs edildiyi bildirilən “Məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki "reşotka"lardan asırlar“ adlı məqaləsini dərc edib.

Məqalədə müəllif son altı ayda qeydə aldığı işgəncə faktlarını təsvir edib.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də jurnalist Elnarə Qasımova, mayın 30-da iqtisadçı Fərid Mehralızadə saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Avqust ayında isə “Abzas Media işi" üzrə həbs olunanların hamısına qarşı Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ağırlaşdırcı ittihamlar irəli sürülüb. Bu ittimaların sanksiyasına görə jurnalistləri 7 ildən 12 ildədək həbs gözləyir.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və hakimiyyəti jurnalistləri dərhal azad etməyə çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG