Accessibility links

Fazil Qasımov 56 gündür aclığı davam etdirir


Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)
Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)

İstanbul Universitetinin doktorantı Fazil Qasımovun cinayət işi üzrə hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə avqustun 15-nə təyin edilib.

Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli bildirib.

Vəkilin sözlərinə görə, Qasımov 56-cı gündür ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyasını davam etdirir. O, “qanunsuz həbsinə” etiraz edir.

Fazil Qasımovun qardaşı Hazim Qasımov Amerikanın Səsinə deyib ki, qardaşı son 3 gündə yaxınlarına zəng vurmayıb.

“Fazilin səhhəti çox ağırdır. Biz düşünürük ki, qardaşımın səhhəti çox ağır olduğundan o, zəng vurub danışmaq iqtidarında deyil. Yaxud Fazilin zəng etməsinə imkan vermirlər. Hətta onun komaya düşmə ehtimalını da istisna etmirik. Qardaşımın taleyindən çox narahatıq. Çünki Fazil sonuncu dəfə zəng edəndə sanki nəfəs ala bilmirdi, səsi xırıldayırdı. O, ürək, böyrək, mədə ağrılarından çox əziyyət çəkir”, Nazim Qasımov qeyd edib.

Bununla yanaşı, Penitensiar Xidmətin Müaalicə Müəssisəsindən Fazil Qasımovun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-na keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.

“Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.

Forum

XS
SM
MD
LG