Azərbaycanda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan İstanbul Universitetinin doktorantı Fazil Qasımov 51 gündür aclığı davam etdirir. O “qanunsuz həbsinə” etiraz edir.
Bu barədə onunla görüşdən sonra avqustun 3-də qardaşı Nazim Qasımov Amerikanın Səsinə deyib.
“Qardaşım Fazillə Müalicə müəssisəsində görüşdük. Anam ağır xəstə olmasına baxmayaraq mənimlə qardaşıma baş çəkdi. Kaş anamı aparmayaydım. Anam və mənim Fazilə yalvarışlarımıza baxmayaraq aclığı dayandırmayacağını dedi. Anam Fazilin belə ağır durumunu görəndən sonra halı çox pisləşdi. Hazırda həkim nəzarətindədir, halı çox ağırdır. Fazili çox ağır vəziyyətdə gördük. O ağrılardan büzüşüb. Böyük miqdrada çəki itirib. Böyrəklərində, mədəsində, ürəyinədəki ağrılardan qıvrılır. Dedi ayaqlarında güc qalmayıb, qıc olur”, Nazim Qasımov qeyd edib.
Ədliyyə Nazilriyinin 2012-ci dekabrın 29-da qəbul etdiyi həbs yerlərində tam aclıq aksiyası keçirən şəxslərlə bağlı təlimatına görə məhkumların şəkər qəbul etməsinə icazə verilir.
“Bu səbəbdən ona 300 qram bal verməyimizə icazə verdilər. Amma Fazilin balı qida kimi qəbul edəcəyinə əmin deyilik”, o qeyd edib.
Bu arada vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib ki, Ədliyyə Nazirliyinin “Penitensiar müəssisələrdə yemək qəbul etməkdən imtina edən məhkumların, habelə həbs edilmiş şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ın “Yemək qəbul etməkdən imtina etmiş şəxslər barəsində görülən tibbi xarakterli tədbirlərə dair qaydalar” adlı üçüncü əlavəsində deyilir ki, məhkum tam formada qida qəbulundan imtina edirsə, adi və ya bəzən şəkərlə və ya balla kəmşirinləşdirilmiş su qəbul edə bilər.
“Ümumilikdə Müalicə müəssisəsində Fazil Qasımova qarşı münasibət Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında yemək qəbul etməkdən imtina edən məhkumların, həbsə alınmış şəxslərin saxlanma şəraiti və onların məcburi qaydada qidalandırılması haqqında Təlimat”ına uyğun deyil. Həkim nəzarəti olmasına baxmayaraq Fazil Qasımovun çəkisi, arterial qan təzyiqi, nəbzi, qəbul etdiyi mayenin miqdarı və tezliyi, ümumi vəziyyəti və kliniki əlamətləri, səhhəti ilə bağlı şikayətləri, psixi vəziyyəti təlimata uyğun aparılmır. Onun sürətlə çəki itirməsinə baxmayaraq hər gün çəkisi və təzyiqi ölçülmür. Belə gedərsə, gələn həftə Müalicə müəssisəsində Fazil Qasımova qarşı yaxşı olmayan münasibətdən Ədliyyə Nazirliyinə şikayət eədəcm”, vəkil qeyd edib.
Bununla yanaşı Penitensiar Xidmətin Müalicə müəssisəsindən Qasımovun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb. Belə ki, Müalicə müəssisəsinin növbətçi hissəsindən baş həkimlə əlaqə saxlamağı məsləhət gördülər və baş həkimin telefonuna isə cavab verən olmayıb.
1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-na keçən gecə aclıq etməsi ilə bağlı səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.
“Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.
Forum