Accessibility links

46 gündür aclıq edən İstanbul Universitetinin doktorantı baş prokurora müraciət edib


Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)
Fazil Qasımov (Mənbə: Sosial şəbəkə)

Azərbaycanda Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan, 46 gündür aclıq aksiyası keçirən İstanbul Universitetinin doktorantı Fazil Qasımov bu gün ona qarşı irəli sürülən ittihamın əsassız olması və bu səbəbdən cinayət işinə xitsam verilməsi xahişi ilə baş prokurora müraciət edib.

Bu barədə vəkil Telman Qasımov iyulun 29-da Fazil Qasımovla görüşündən sonra Amerikanın Səsinə bildirib.

Onun szölərinə görə, Fazil Qasımov aclığı sonadək davam etdirəcəyini bildirib.

“O, hazırda Penitensiar Xidmətin Müalicə müəssisəsində ayrıca otaqda saxlanılır. Ona təhlükəsizliklə bağlı nəzarət var. Qasımov sudan başqa heç nə qəbul etmir”, vəkil qeyd edib.

Vəkilin sözlərinə görə, prokurorluq Fazil Qasımovun istintaq zamanı işgəncəyə və qeyri insani rəftara məruz qalması ilə bağlı şikayətini təmin etməyib.

Qasımovun anası Tahirə Qasımova oğlunu ölümdən xilas etmək məqsədi ilə iyulun 28-də ictimaiyyətə müraciət edib.

“Oğlum Fazil Qasımov sürətlə çəki itirir, 45 gündə çəkisi 67 kiloqramdan 49 kiloqrama düşüb. Böyrəklərində, mədəsində kəskin ağrılar yaranıb. Bir ana olaraq balamın gözüm görə-görə belə zülmlə ölməsinə dözə bilmirəm. Sizlərdən xahiş edirəm oğlumun - gənc alimin həyatını xilas edin”, Fazil Qaımovun anasının müraciərində deyilir.

Penitensiar Xidmətin Müalicə Müəssisəindən Fazil Qasmovun sağlamlıq durumu ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

1 saylı Bakı İstintaq Təcridxanasının sanitar-tibb hissəsində saxlanılan Fazil Qasımovun iyulun 26-na keçən gecə səhhəti kəskin pisləşdiyindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. O, “qanunsuz həbsinə” etiraz olaraq aclıq edir.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Türkiyədə yaşayan Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Fazil Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

O, iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata ayrılıb.

“Fazil Qasımovun işi ilə bağlı Anar Əliyev adlı şəxs də həbsdədir. O, Qasımova qarşı ifadə verib. Hər iki şəxsin işinə eyni məhkəmə prosesində baxılacaq”, vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib.

Forum

XS
SM
MD
LG