Accessibility links

Fazil Qasımov 22 gündür aclıq edir, məhkəmə onu ev dustaqlığına buraxmayıb


Fazil Qasımov (Mənbə: Sosial media)
Fazil Qasımov (Mənbə: Sosial media)

İyulun 5-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə iyunun 28-də Bakının Nərimanov Rayon Məhkəməsinin İstanbul Universitetinin doktorantı Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz olunması vəsatətini təmin etməməsi qərarını qüvvədə saxlayıb.

Bu barədə vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib.

Rövşanə Rəhimli: Fazil Qasımovun səhhəti çox ağırdır
please wait

No media source currently available

0:00 0:05:07 0:00

Vəkil məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə Avropa İnsan Hüquqları Konvensiyasının beşinci maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ) pozulması ilə bağlı şikayət verəcəyini bildirib.

“Məhkəmədə Fazillə görüşmək imkanım oldu. O özü məhkəmədə çıxış edib həbs olunan zaman qarşılaşdığı qanunsuz hərəkətlər barədə məhkəmə heyətinə ətraflı məlumat verdi. Eyni zamanda məhkəməyə həbs olunduğu zaman məruz qaldığı psixoloji və fiziki işgəncələrlə bağlı məlumat verdi. Həmçinin məhkəmədə bildirdi ki, onun həbsdə qalması tamamilə qanunsuzdur. İttihamı qəbul etmir və tam saxtadır. Şəxs artıq 11 aydır qanunsuz olaraq həbsdədir. İndiyədək hər hansı bir istintaq hərəkəti keçirilmir. Heç bir səbəb və əsas olmadan istintaq və həbs müddəti uzadılır. O elmi araşdırmaları barədə də məlumat verdi. Azərbaycan iqtisadiyyatı, iqtisadi inkişafı ilə bağlı bir sıra araşdırmaların, tədiqatların müəllifi olduğunu bildirdi”, vəkil qeyd edib.

Rəhimli deyib ki, Fazil Qasımov iyunun 14-dən qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirir və aksiyanı sonadək davam etdirəcəyini bildirib.

“Onun vəziyyəti kifayət qədər çətinləşib. Səhhətində ciddi problemlər var. Çox sürətlə çəki itirir. Təzyiqi 60/50 nisbətinədək düşüb. Gözləri qaralır, başı gicəllənir. Biz Penitensiar Xidmətin rəisinə və Ombudsman Aparatına Qasımovun müalicə müəssisəsinə köçürülməsi üçün müraciət etmişik”, o qeyd edib.

İyulun 5-də Amerikanın Səsinə Fazil Qasımovun ailəsi onun dünya liderlərinə çağırışını da təqdim edib.

“Azərbaycanda qanunsuz olaraq həbs olunan UN GSP (BMT-nin Diplomdan sonrakı təhsil proqramı) məzunu, İstanbul Universitetinin doktorantı Fazil Qasımov dünya elm adamlarına, dünya liderlərinə çağırış edib.

22 gündür qanunsuz həbsimə etiraz olaraq aclıq edirəm. Artıq gücüm tükənir, təzyiqim düşüb, gözlərim qaralır. Bütün bədən əzələlərimdə şiddətli ağrılar yaranıb.

35 yaşlı elm adamının şərlənərək həbsdə ölməsinə biganə qalmamağı Sizlərdən xahiş edirəm”, alimin müraciətində qeyd edilir.

Öz növbəsində, Ombudsman Aparatı, Penitensiar Xidmət və Ədliyyyə Nazirliyi Amerikanın Səsinin Fazil Qasımovun sağlamlıq durumu ilə bağlı sorğusuna hələ cavab verməyib.

Qasımov həmçinin həbsinə etiraz olaraq iyunun 25-də ictimaiyyətə müraciət edib.

“Səhhətimin ağır vəziyyətdə olmasına baxmayaraq, qanunsuz həbsimə və mənə qarşı baş verən kobud insan hüquqları pozuntularına etiraz olaraq aclıq etməkdən başqa yolum qalmayıb. Ya Azərbaycan həbsxanasında yaxın zamanda aclıqdan öləcəm, ya da Sizlərin dəstəyi ilə azadlığa çıxıb İstanbul Universitetində elmi fəaliyyətimi dəvam etdirəcəm”, o qeyd edib.

O, Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.

“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, o əlavə edib.

Türkiyədə yaşayan iqtisadçı alim Fazil Qasımov 2023-cü il avqustun 8-də İstanbulda tutularaq Azərbaycana gətirilib. Sosial şəbəkələrdə Fazil Qasımovun həbsdə olan Qubad İbadoğluya qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilib.

Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.

Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.

Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.

Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.

İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.

Forum

XS
SM
MD
LG