İqtisadçı alim Qubad İbadoğlunun cinayət işi üzrə həbs olunmuş Fazil Qasımov İstintaq Təcridxanasında iyunun 14-də başladığı aclıq aksiyasını altıncı gündür davam etdirir. Onun mədəsində kəskin ağrılar baş qaldırıb, halı pisləşib, səsi çox zəif idi.
Bu barədə Fazil Qasımovla telefon danışığından sonra onun qardağı Nazim Qasımov iyunun 19-da Amerikanın Səsinə bildirib.
"Mən dəfələlərlə aclığı dayandırmasını xahiş etdim, lakin o inadından dönmür. Fazil ədalətli istintaq araşdırmasına inamını itirib və sonadək, cinayət işinə xitam verilənədək aclıq etmək niyyətindədir", o qeyd edib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Bir müddət əvvəl hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Qasımov saxlanılarkən və sonradan işgəncələrə, ləyaqəti alçaldan davranışa məruz qalıb. Sonradan o, İbadoğluna qarşı verdiyi ifadələrdən imtina edib.
2023-cü il avqustun 8-də Türkiyədə yaşayan iqtisadçı alim Fazil Qasımovun İstanbulda tutularaq Azərbaycana gətirilməsi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə Fazil Qasımovun həbsdə olan Qubad İbadoğluya qarşı qaldıılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qasımovun həbsini Amerikanın Səsinə təsdiq etsələr də, onun nədə ittiham olunduğunu deməyiblər.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Forum