Həbsdə olan İstanbul Universitetinin doktorantı Fazil Qasımovun 19 gündür aclığı davam etdirdiyi bildirilir.
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Fazil Qasımovun qardaşı Nazim Qasımov onunla telefon danışığından sonra Amerikanın Səsinə bildirib ki, qardaşının səhhəti çox ağırdır.
“Fazil aclıq etməsinə baxmayarq ümumi kamerada saxlanılır. Amma həkim nəzarətindədir. Həkimlər tez-tez təzyiqini ölçür. Dünən təzyiqi 70/50 nisbətində olub. Səsi çox zəifləyib. Təcridxanaya daxil olanda çəkisi 80 kiloqramdan çox idi. İndi 20 kiloqramdan çox çəki itirib, çəkisi 60 kiloqramdır”, Nazim Qasımov qeyd edib.
Nazim Qasımovun dediyinə görə qardaşı süni qidalandırıcı vitaminlərdən və dərman qəbulundan imtina edir.
“Fazildən aclığı dayandırmasını dəfələrlə xahiş etdim. Lakin o, inadından dönmür. Dedi ki, aclığı sonadək davam etdirəcək”, o qeyd edib.
Bu arada vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib ki, iyunun 28-də Bakının Nərimanov Rayon Məhkəməsinin Fazil Qasımov barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin etməməsindən apellyasiya şikayəti verib.
Öz növbəsində, Penitensiar Xidmət Amerikanın Səsinin Fazil Qasımovun sağlamlıq durumu ilə bağlı sorğusuna hələ cavab verməyib.
Fazil Qasımov işgəncəyə məruz qalmasına hüquqi qiymət verilməsi, barəsində açılan cinayət işinə xitam verilməsi və elmi fəaliyyətini davam etdirmək üçün Türkiyəyə qayıtmasına icazə verilməsi tələbi ilə iyunun 14-dən aclıq aksiyasına başlayıb.
Fazil Qasımov həbsinə etiraz olaraq iyunun 25-də ictimaiyyətə də müraciət edib.
“Səhhətimin ağır vəziyyətdə olmasına baxmayaraq, qanunsuz həbsimə və mənə qarşı baş verən kobud insan hüquqları pozuntularına ehtiraz olaraq aclıq etməkdən başqa yolum qalmayıb. Ya Azərbaycan həbsxanasında yaxın zamanda aclıqdan öləcəm, ya da Sizlərin dəstəyi ilə azadlığa çıxıb İstanbul Üniversitetində elmi fəaliyyətimi dəvam etdirəcəm”, o qeyd edib.
O, Qubad İbadoğlu ilə ünsiyyətinin 2020-ci ilin mart ayında virtual formada yarandığını bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən Azərbaycanda həbs edildim”, o əlavə edib.
Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirib ki, fakta söykənməyən əsassız, şəxsi mülahizələrə şərh verilmir.
2023-cü il avqustun 8-də Türkiyədə yaşayan iqtisadçı alim Fazil Qasımovun İstanbulda tutularaq Azərbaycana gətirilməsi barədə məlumatlar yayılıb. Sosial şəbəkələrdə Fazil Qasımovun həbsdə olan Qubad İbadoğluya qarşı qaldıılmış cinayət işinin istintaqı çərçivəsində saxlanıldığı bildirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qasımovun həbsini Amerikanın Səsinə təsdiq etsələr də, onun nədə ittiham olunduğunu deməyiblər.
Fazil Qasımov Qafqaz Universitetini bitirib (2017-ci il yanvarın 16-da fəaliyyətini dayandırıb), sonra Türkiyədə oxuyub, daha sonra İstanbul Universitetinin doktoranturasını bitirib.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib və bu il aprelin 22-nə qədər həbsdə qalıb.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb.
İbadoğlu ona qarşı ittihamların əsassız və siyasi olduğunu, fəaliyyətinə görə cəzalandırıldığını qeyd edir.
Forum